Uşağın qidası nə qədər balanslıdırsa, immuniteti bir o qədər güclü olur

“Uşaqlar üçün düzgün qidalanma yalnız fiziki böyümə deyil, həm də zehni inkişaf, immun sisteminin güclənməsi və ümumi həyat keyfiyyətinin artırılması baxımından çox vacibdir. İlk 5 yaş insan ömründə beyin və bədən inkişafının ən sürətli getdiyi mərhələdir”. 

Sabahinfo.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə açıqlayıb.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, uşaqların gündəlik qida rasionunda enerji ehtiyacı yaşa, cinsə, fiziki aktivliyə və sağlamlıq vəziyyətinə görə dəyişsə də, hər bir uşağın balanslı şəkildə zülal, yağ və karbohidrat qəbul etməsi zəruridir:

“Uşağın qidası nə qədər balanslıdırsa, onun immuniteti bir o qədər güclü olur, məktəbəqədər və məktəb dövründə daha yaxşı öyrənir, sosial bacarıqları daha sürətlə inkişaf edir və xəstəliklərə qarşı dayanıqlı olur. Balanslı qidalanma, eyni zamanda gələcəkdə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri kimi problemlərin qarşısının alınmasında mühüm rol oynayır. Zülallar uşaqların orqanizmində əsas “tikinti materialı” kimi çıxış edir. Ona görə də, uşaqlıq dövründə zülal ehtiyacı yetkin insanlara nisbətən daha yüksəkdir. Qidada zülal çatışmazlığı boy artımında yavaşlama, əzələ zəifliyi, immunitetin zəifləməsi, iştahasızlıq və tez yorulma ilə nəticələnə bilər. Əksinə, zülalla zəngin, amma balanslı qidalanma uşağın bədənini gücləndirir, immunitetini artırır və məktəb fəaliyyətlərində daha fəal olmasına kömək edir. Yağlar uşaqların qidalanmasında çox vaxt qorxduğumuz bir element kimi görünür. Halbuki düzgün növ və miqdarda yağ uşaqlar üçün son dərəcə vacibdir, xüsusilə də beyin inkişafı və enerji təminatı baxımından”. 

A.Əkbərzadə vurğulayıb ki, karbohidratlar uşaqların gündəlik fəaliyyətlərini yerinə yetirməsi üçün əsas enerji mənbəyidir:

“Sağlam karbohidrat mənbələri olaraq tam taxıllar, tərəvəz və meyvələr, paxlalılar, süd və süd məhsullarını misal göstərmək olar. Sadə karbohidratlar – xüsusilə şəkər, şirin içkilər, şirniyyatlar, ağ un, “fastfood” uşaqlarda şəkər yüklənməsinə səbəb ola bilər. Eyni zamanda, piylənmə probleminə yol açır. Buna görə də bu qidalar məhdudlaşdırılmalı, əsas diqqət kompleks karbohidratlara yönəldilməlidir. Şirin içkilər, şəkərli qidalar məhdudlaşdırılmalı, bunun əvəzinə meyvə, kefir, süd məhsulları, qoz-fındıq kimi sağlam qəlyanaltılar verilməlidir. Uşağın su qəbulu da qidalanmanın ayrılmaz hissəsidir – gündə azı 5-8 stəkan su içməyə təşviq olunmalıdır”.