Kembric Universitetinin alimləri müəyyən ediblər ki, qanda dəmir çatışmazlığı və orqanizmin bu maddənin səviyyəsini tənzimləmək qabiliyyətinin pozulması uzun müddət davam edən COVID-19-un səbəbi ola bilər.
Postkovid sindromu və ya uzunmüddətli COVID-19 koronavirus infeksiyasından sonra baş verən və 12 həftədən çox davam edən xoşagəlməz patoloji simptomlardır. Bunlara yorğunluq, apatiya, diqqəti cəmləyə bilməmək və beyin dumanı hissi daxildir.
COVID-19 pandemiyasının başlamasından qısa müddət sonra Kembric Universitetinin alimləri virus testinin cavabları müsbət çıxan insanları tədqiqat üçün işə cəlb ediblər. İştirakçılardan infeksiyadan sonra qanlarında dəyişiklikləri izləmək üçün bir il müddətində alimlərə qan nümunələri vermələri tələb olunub. Araşdırmada ümumilikdə 214 nəfərin iştirak etdiyi qeyd olunub. Onların təqribən 45%-i sağaldıqdan sonra 3-10 ay arasında uzunmüddətli COVID-19 simptomlarından gileylənib.
Postkovid sindromu olan iştirakçıların biomaterialının təhlili göstərib ki, qanda dəmirin aşağı səviyyəsi könüllülərdə anemiyanın inkişafına kömək edib və sağlam qırmızı qan hüceyrələrinin istehsalını pozub. Bundan əlavə, ağır COVID-19 zamanı və ondan sonra dəmir disregulyasiyası daha əhəmiyyətli olub.
Alimlər izah ediblər ki, bədəndə infeksiya baş verdikdə, dəmiri qan dövranından çıxarır. Bu, qan dövranında dəmiri ələ keçirən və sürətlə çoxalan potensial ölümcül bakteriyalara qarşı qoruyucu mexanizmdir. Bu proses uzun müddət davam etdikdə, artan dəmir çatışmazlığı oksigenin bədəndə daha az səmərəli şəkildə daşınmasına səbəb olur. Bu, daimi fiziki zəiflik, dumanlanmış şüur və apatiya hissi ilə əlaqələndirilir.