"Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi cəmiyyət üçün açıq olmalıdır"

“Neft Fondundan transferləri nəzərə almasaq, büdcə gəlirlərinin təminatçısı vergi daxilolmalarıdır”. Məlumata görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu prosesdə bütün cəmiyyət iştirak edir: “Həm vergi ödəyicisi, həm də vergilərdən yararlanan cəmiyyətdir. Vergi Məcəlləsi tez-tez dəyişir. Bunun tez-tez dəyişməməsi və uzunmüddətli olması üçün cəmiyyətin bütün üzvləri bunun qəbulunda iştirak etsin. Vergi dəyişiklikləri üzərində 4-5 aydır iş gedir. Lakin biz bu dəyişiklərin müzakirəsini cəmiyyət üçün açıq etməliyik. Dəyişikliklər hazırlananda televiziya efirlərində müzakirəyə çıxarılması daha yaxşı olardı. Belə olan halda hər bir vətəndaş öz borcunu, öhdəliyini başa düşür, proses daha effektiv olur”.

Bələdiyyə büdcələri ilə bağlı Vergi Məcəlləsində dəyişikliyə toxunan A.Hüseynov qeyd edib ki, tikinti materiallarına görə vergi hissəsi bütün bələdiyyələri əhatə etmir: “Bələdiyyələrdə özünə inam yaratmaq lazımdır. Vətən müharibəsindən sonrakı dövrdə bələdiyyələr sosial problemlərin həll edilməsində yaxından iştirak edir”.