“Azərbaycan regionun supergücüdur”– bu, təkcə bizim qənaətimiz deyil, eyni zamanda, dostlarımızın məmnunluqla, düşmənlərimizin isə qısqanclıqla qəbul və ifadə etdiyi bir həqiqətdir. Müstəqillik dövrünün son 20 ilində güclü və daha da tərəqqiyə nail olan dövlətə çevrilmiş çoxminillik tarixində Azərbaycan heç zaman, heç vaxt indiki qədər qüdrətli olmayıb. Qafqazda və Xəzərətrafı bölgədə ölkəmizin iştirakı olmadan heç bir layihənin reallaşması mümkün deyil. Dünyanı təlatümə gətirən böhran və kataklizmlər də bu inkişafa mane ola bilmir.
Şübhəsiz ki, ölkəmizi öz miqyasına və məxsusi imkanlarına görə belə qüdrətli edən səbələr var. Bu, hər şeydən əvvəl, Prezident İlham Əliyevin qətiyyətli, xalqın, ölkənin maraqlarına hesablanmış, “qızıl ölçü”lərlə dürüstləşdirilmiş daxili və xarici siyasət kursu, habelə bu siyasətin maksimal uğurunu gerçəkləşdirən xalq– iqtidar birliyi qeyd edilməlidir. Dünya iki il əvvəlin 44 günlük şərəfli Vətən müharibəsində bu birliyin möhtəşəmliyinin, möcüzə yaratdığının şahidi oldu.
Biz azərbaycanlı olaraq zəkalı, çalışqan xalqıq. Zəngin tarixi köklərimiz üzərində sivil ənənələrimiz var. Düzgün siyasətimiz və möhkəm birliyimizin qarşısında bədxahlarımız tab gətirə bilmir. 2020-ci ilin Vətən savaşı bunun sübutu, dünya isə aşkar şahididir. Biz nə vaxt bir olmuşuqsa, istəklərimizə də asanlıqla çatmışıq. Elə bu birliyin nəticəsi olaraq, tarixdə varlığımızı qorumuş, fürsət yetişəndə isə milli kimliyimizin dayağı olan itirilmiş dövlət müstəqilliyimizi bərpa etmişik. Bütün bunlara görə də bu gün müstəqil ölkəmiz – sevimli Azərbaycanımız var.
Amma bu birliyi sevməyən ölkələr, siyasi-hərbi dairələr zaman-zaman Vətənimizə qarşı yaxşı halda qısqanclıq, pis halda düşmənçilik fəaliyyəti göstəriblər. Məsələn, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin ordumuz tərəfindən məhv edilərək tarixin zibilliyinə atılmış, qondarma mövcudluğuna son qoyulmuş “Dağlıq Qarabağ” separatçı-cinayətkar rejimi “respublika günü” münasibəti ilə təbrik edir. Yaxud, Avropada, dünyanın digər yerlərində ölkəmizin haqq işinə xor və kor baxan davakar erməni lobbisinin təsir imkanlarına aldanan siyasət mərkəzləri və dairələr var.
Başa düşüləndir, çünki qüdrətli olmağımız onların ürəyincə deyil. Həm də onlar ayrı antibəşəri məramlarla yaşayır və fəaliyyət göstərirlər. Dünya ikili qütbdədir–bir tərəfdə hər şeyə haqqı çatan nəhənglər, o biri üzdə isə hüquqsuz kiçiklər. Azərbaycan olaraq biz hüquqsuzə sayılaraq böyüklərin ayrı-seçkilik siyasətinə zamanla çox məruz qalmışıq. İnsanlıq adına ləkə gətirən, könül bulandıran bu proses, çox təəssüf ki, bu gün də davam edir.
Amma başa düşülməyən, heyrət doguran məsələ qanı, canı bu millətdən olanların Azərbaycanın dövlət maraqlarına qarşı düşmənçilik fəaliyyətidir. Sual yaranır: Azərbaycanın 20 faiz torpaqlarını işğal edən, övladlarını diri-diri yandıran, Xocalı qətliamı kimi əsrin faciəsini törədən Ermənistanda bunu etiraf edərək pisləyən, bəyanat verən, etiraz edən kimsə oldumu? Belə bir nümunə yoxdur və gözlənilmir də. Əks nümunə odur ki, qaniçən erməni cızmaqaraçısı Zori Balayan (əslində, zor aşiqi) Xocalıda silaha sarılaraq azərbaycanlıarı xüsusi amansızlıqla qətlə yetirməkdən çəkinməmişdi, barbar niyyətini şövqlə həyata keçirmişdi.
Xalqımızın başına tarixin ən qanlı və dağıdıcı müsibətini gətirmiş düşməni məğlub edəndən sonra qisas hissini cilovlayıb ona barış əlini uzadan Azərbaycan bu il sentyabrın 12-də sərhəddə işğalçı Ermənistanın növbəti xain təxribatı ilə üzləşdi. Düşmən rəzilcəsinə məhv edildi.
Xalq həmişəki kimi, dövlətin və ordunun yanında dayandı. Amma ürək ağrısı ilə qeyd edək ki, məhz belə bir gündə də içərimizdən düşmən dəyirmanına su tökənlər oldu. Tarix elmi üzrə bir alimimiz sosial şəbəkə hesabında guya, ordumuzun Ermənistanın bir hissəsini işğal etdiyini bildirib, özünü ədalətli politoloq sayaraq, bu “haqsızlığa” qarşı oldugunu deyib.
Bəli, bizim bu alimimiz, xaricdə deyil, Bakıda yaşayır və nüfüzlu bir ali məktəbdə çalışır. Yaxud, xaricdə və daxildə yaşayan, ifrat müxalifətçilik nümunəsi göstərən azərbaycanlılar fəaliyyətlərində ölkəmizə qarşı mübarizə xəttində erməni lobbisini keçiblər. İndi başqa bir müqayisə aparaq: Sarkisyan, Paşinyan zülmündən bezib xaricdə yaşayan bir erməni göstərin ki, ölkəsinə, onun milli maraqlarına bu qədər düşmən münasibət bəsləsin. Ölkəsinin əleyhinə işləyən bir erməni tapılarmı?
Ey Vətəni həraca çıxaran dırnaqarası "vətənsevərlər"! Günahsız şəhid qanlarından və onlara axıdılan göz yaşlarından qorxun və heç olmasa, belə günlərimizdə onlara hörmət edin. Ucuz populizmdən çəkinin. Bu Vətən hamımızındır! Və belə bir zamanda "düşmən dəyirmanına su tökən" sizlər bu vətənin qara yarasına, xalqın nifrət qarışıq təəssüfünə çevrilirsiniz. Unutmayaq ki, tarix boyunca Azərbaycanın heç kimin torpağında gözü olmayıb və olmayacaq. Dövlət başçısı İlham Əliyev bu gerçəyi təkrar-təkrar çıxışlarında dünyaya bəyan edir. Ölkəmiz yalnız öz suverən hüquqlarının qorunması, ehtiyaclarının ödənilməsi, arzularının gerçəkləşdirilməsi ilə məşğuldur. Müstəqilliyə, milli maraqlara qarşı uzanan əllər kəsiləcək–necə ki, kəsilir. Qoy şübhəsi olanlar bu gedişə əmin olsunlar. Qüdrətimiz ən güclü silahımız və sipərimizdır.
Rəşad Mahmudov,
Tibb elmləri doktoru
Milli Məclisin deputatı