“Vikipediyada Azərbaycan Həqiqətləri” mövzusunda tədbir keçirilib

YAP Yasamal rayon təşkilatında YAP Yasamal rayon təşkilatı və “Qorqud Vikipediya Metodik klubu”nun birgə təşkilatçılığı ilə “Vikipediyada Azərbaycan Həqiqətləri” mövzusunda tədbir keçirilib.

Tədbirin rəsmi hissəsindən öncə şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayıb və qeyd edib ki, Azərbaycan Şərq və Qərb mədəniyyətini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Bəxtiyar Nəbiyev bu zəngin irsin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bu cür təlimlərin mütəmadi keçirilməsinin mühümlüyünü vurğulayıb.

Çıxış üçün ilk söz millət vəkili Elnur Allahverdiyevə verilib. Deputat çıxışında ermənilərin azərbaycanlılara aid ərazi adlarını saxtalaşdırmaları barədə danışıb və Azərbaycanın dünyaya tanıdılmasının vacibliyini qeyd edib. Elnur Allahverdiyev söyləyib ki, hər birimiz Vətən qarşısında üzərimizə düşən və gücümüz çatan formada borcumuzu verməliyik. 1 il əvvəl bunu cəngavər döyüşçülərimiz etdilər. İndi xüsusilə informasiya cəbhəsində bunu hər birimiz, xüsusilə də gənclərimiz edə bilər. Azərbaycanda könüllülük hərəkatının geniş vüsət aldığını nəzərə alsaq, “Qorqud” kimi platformalar bu istiqamətdə əlverişli intellektual müstəvidir.

Ardınca çıxış edən könüllü Ayxan Ziyadzadə Azərbaycanın tanınmasında vikipediyanın əhəmiyəti, “Qorqud” Vikipediya Metodik Klubu, “Qorqud”un 2021-ci ildə azad ensiklopediyadakı fəaliyyəti barədə danışıb.

Sonra təlimdə fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim olunub.

Növbəti çıxış üçün söz millət vəkili Ramin Həsənə verilib. Millət vəkili bu klubun fəaliyyətinin vacibliyinə toxunub və bu işdə fəal olan gənclərə dəstəyi yüksək qiymətləndirib, bu işdə zəhməti olan hər kəsə minnətdarlıq ifadə edib. Ramil Həsən gənclərə bu təlimlərdə dəstək olmağın vacibliyini qeyd edib.

Çıxış edən millət vəkili Naqif Həmzəyev vikipediada Azərbaycan barədə informasiya yerləşdirilməsinin önəmini qeyd edib və vacibliyini vurğulayıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov da bu təlimlərin daha da geniş şəkildə keçirilməyinin əhəmiyyətindən danışaraq, gənclərin burada fəaliyyətlərinin yüksək səviyyədə olduğunu və əsas da Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında gənclərin çox böyük rolunun olduğunu söyləyib.

Sonda gənclərlə xatirə şəkli çəkilib.