Vaqif Xaçatryanın dəstəsi azyaşlının üstünə qaynar su tökərək yandırdı.
Sabahinfo.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə zərərçəkmiş şəxs deyib.
Meşəli sakini Bəsti Behbudova ifadəsində bildirib ki, o, Meşəli hadisələri vaxtı uşaq olub: "Meşəli hadisələrində atam xəsarət alıb, qonşularımız, qohumlarımız vəhşicəsinə öldürülüb. Atam da uzun müddət orada aldığı xəsarətlərdən müalicə alıb. Vaqif ömür boyu həbsdə yatmalıdır. Böyüklərimiz hamısı deyirdi ki, hadisələri törədənlərdən biri Vaqifdir".
Daha sonra Meşəli sakini Bayram Hacıyev zərərçəkmiş şəxs qismində dindirilib. O qeyd edib ki, hadisələr baş verəndə hərbi xidmətdən təzə gəlibmiş: "Kənd camaatı, hamı deyirdi ki, Meşəli soyqırımını törədənlərin başında Vaqif və onun dəstəsi durub. Onlar böyük, kiçik, qoca, qadın demədən vəhşilik edirdi. Bunlar rəhmətlik Qənimət kişinin uşağının üstünə çaydandan qaynar su tökərək yandırdılar. Hadisəni törədənlər Badara kəndində yaşayan ermənilər idi. Onların da başında Vaqif, Aramis, Vahid adlı ermənilər dururdu. Məhkəmədən tələb edirəm ki, bizə bu zülmü yaşadanların hamısı ömürlük azadlıqdan məhrum edilsinlər”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisələr baş verəndə Meşəlidə olmayıb: "Bayramın atasını yaxşı tanıyıram, lakin mən orada olmamışam".