Xalq indi də bir inamın əsgəridir!

Dünyəvi proseslər dövlətlərin ciddi münasibəti ilə tənzimlənir. Bu münasibəıtlər müxtəlif tədbirlərdə bildirilir və dövlətin rəsmi mövqeyini göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın xarici siyasətinin dönməzliyini, dünyəviliyini, bəşəriliyini bütün beynəlxalq tədbirlərdə azərbaycançılığa istinadən mahiyyətli çıxışı ilə tarixləşdirir. Dünyanın aparıcı dövlətləri məhz bu səbəbdən Azərbaycanın xarici siyasətinə, deməli, Azərbaycana sayğılarla yanaşır.

Bu il müstəqil Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünə qəbul edilməsinin 30 illi tamam olur. Bu, böyük tarixi hadisədir, zamanında Məhəmməd Hadi təəssüflə deyirdi ki, “Yox millətimin imzası imzalar içində”. 30 ildi bu imza var və azərbaycançılıq heysiyyətiylə yaşadılır.

Vətən müharibəsi Zəfərlə başa çatdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşa şəhəri mədəniyyətimizin paytaxtı elan edildi.

Bu il müstəqil Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünə qəbul edilməsinin 30 ilinin tamam olmasını qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtında, işğaldan azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir keçirildi. Bir rəmz diqqəti çəkir: dünyanın başlıca problemlərindən biri işğaldan azad edilmiş şəhərdə müzakirə olunur, çıxış yolları bu şəhərdə axtarılır. Bu, böyük etimaddır.

Cari ilin 27 iyununda Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı da bu baxımdan tarixləşdi. Tədbir strateji planlama və səmərəli əməkdaşlıq dövlətləri ümumi problemlərin həlli istiqamətində də həmrəy edir və bu həmrəylik də qurtuluş amilllərindən biridir. Fəaliyyət 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyini, yeni Şəhər Gündəliyini, dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərin mahiyyətini istiqamətləndirir.

Şəhərlərin tarixi dövlətlərin, dövlətlərin tarixi xalqın tarixidir. Bu baxımdan Bakının tarixinə olduqca həssas yanaşılmalıdır. Şəhərin tarixi görkəmi, tarixi siması yeniləşdirilir, ancaq tarixilik saxlanılmaqla yeniləşdirilir. “Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir”.

Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi. Bu ərazilərdə kəndlər də vardı, şəhərlər də. İşğal zamanı ermənilər kəndləri də dağıdıb, şəhərləri də. Bu, dünyəvi terrorçuluğun, bəşəriyyətə düşmənçiliyin təzahürüdür. “Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahidi olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər”.

Vətən müharibəsi başa çatdı, işğal tamamlandı. Ermənistan məğlub dövlət oldu. Azərbaycan Respublikasının Prezidenti bu müharibəni xalqın müharibəsi kimi dəyərəndirərək deyir ki, “Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib”. Dünya ictimaiyyəti bu faktları beynəlxalq siyasətin sabahları üçün istinad ediləcək tezis kimi qəbul edir, yəni məğlub dövlətin xarici siyasətinin qəbul etdiyi şərtlərə uyğunluğunu nəzarətdə saxlayır. Bu nəzarət dövlətlərarası etimadda istinad kimi qəbul edilməlidir.

Vətən müharibəsində qazanılan Zəfər bəyanatla tamamlandı. Bəyanat öhdəlikdir. Məğlub Ermənistan öhdəliklərə tam əməl etmir. Razılaşmaları pozur. Yəni işğalçılıq mahiyyətinin yenə də onun xarici siyasətinin tərkib hissəsi olduğu görünməkdədir. “Rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb”. Bu faktlar dünya dövlətlərinin diqqətini cəlb etməlidir. 28 il işğalçı dövlət kimi tanınan Ermənistanın bu niyyətə münasibəti dünyanın nizamının pozulması istəyi deyilmi? Dünya dövlətləri bu tezisi niyə beynəlxalq kürsülərdən səsləndirmir? Gümanlar çoxdur.

Azərbaycan Vətən müharibəsində Zəfər qazandı. İndi işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparılır. Quruculuq işləri Zəfərin davamıdır. Xalq Vətən müharibəsində yekdilliyini necə təsdiqləmişdisə, quruculuq işlərində də elə təsdiqləyəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir”. Bu, xalqın inamıdır. Vətən müharibəsində döyüşün ruh əsgəri olan xalq indi bu inamın əsgəridir.

Ölkə başçısının dediklərini xalq böyük sevgi ilə qarşılayır, yaşayır, yaşadır: “Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır”.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı