“Azərbaycan XX əsrdə öz dövlət müstəqilliyini iki dəfə elan etmiş bir ölkədir. İlk dəfə 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti çox böyük təəssüflər olsun ki, yalnız iki il mövcud ola bildi. 1920-ci ildə sovet bolşevik qoşunları tərəfindən işğal edilən respublikamız faktiki olaraq öz müstəqilliyini itirdi. 1922-ci ildə isə rəsmən keçmiş sovetlər birliyinə daxil edildi. Lakin Azərbaycan xalqının müstəqillik arzuları heç zaman sönmədi. Nəhayət 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Bununla belə, tarix sanki iki illik zaman kəsiyini ölkəmizin müstəqilliyi üçün sınaq müddəti olaraq müəyyən etmişdi. Əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il mövcud olduğu kimi, 1991-1992-ci illərdə gedən proseslər də yeni müstəqillik əldə etmiş ölkəmizi böyük təhlükələrlə üz-üzə qoymuşdu. Həm də bu dəfə vəziyyət daha mürəkkəb, təhlükələr daha böyük idi. Əgər 1920-ci ildən sonra Azərbaycan formal da olsa müstəqil ölkə kimi mövcud idisə, artıq 1993-cü ildə ölkəmiz Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Məhz belə bir məqamda, xalqın, ölkənin və dövlətçiliyimizin taleyinin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Təsadüfi deyil ki, qədirbilən xalqımız öz böyük xilaskar oğlunun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü, 15 iyun tarixini Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir”. Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan respublikasının istənilən bir sahəsinin formalaşmasında və inkişfında müstəsna xidmətləri olduğunu qeyd edib. Eyni zamanda A.Naxçıvanlı Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən birinin də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması olduğunu diqqət mərkəzinə çəkib: “Azərbaycançılıq dünyagörüşü Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi hər iki dövrdə onun siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapmışdır. Hələ 1969-1982-ci illər ərzində Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ümummilli Liderimizin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Azərbaycan SSR-in sonuncu Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri saysız və misilsizdir. Hər biri tarixi əhəmiyyət kəsb edən bu xidmətlərdən biri də məhz suveren dövlətimizin yeni Konstitusiyasının hazırlanmasıdır. Ölkə Prezidenti cənab İlham Əliyev bu tarixi sənəd barədə demişdir: “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.” Həqiqətən də müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Ölkənin Əsas Qanununda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdur. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda iştirak edən seçicilərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir”.
Daha sonra deputat Aqiyə Naxçıvanlı Ulu Öndər Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi kimi istiqamətlərin prioritet sahələr olduğunu qeyd edərək bunları deyib: “1993-cü ildə xalqın iradəsi, çağırışı və təkidi ilə ölkədə hakimiyyətə qayıdan Ümummilli Liderimiz Azərbaycanın iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Məhz Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. 1994-cü il sentyabrın 20-də Azərbaycanın Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş imzalandı. Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Müqavilənin gerçəkləşdirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur və bu gün onun praktiki nəticələri göz qabağındadır. Ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev elə ilk günlərdən danışıqlar prosesində və ümumiyyətlə yeni neft strategiyasının hazırlanmasında və uğurla həyata keçirilməsində fəal iştirak edib. Möhtərəm dövlət başçımızın bütün fəaliyyətinin əsasında özünün yığcam şəkildə ifadə etdiyi belə bir ideya dururdu: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilərək, 12 dekabr 1994-cü ildə qüvvəyə minmiş “Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən Ulu Öndər Heydər Əliyev demişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”. Belə bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, həmin dövrdə Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı və “Əsrin müqaviləsi”nin imzalanması yalnız Ulu Öndər Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə mümkün olmuşdu”.
Sonda A.Naxçıvanlı Ümummilli Liderimizin bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkdiyini və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan maksimum istifadə etdiyini qeyd edərək bunları deyib: “Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Ümummilli Liderimizin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Qədirbilən Azərbaycan xalqı da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. 2023-cü il mayın 10-da Azərbaycan xalqı müstəqil dövlətimizin qurucusu və xilaskarı, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu müdrik qərar birmənalı olaraq bütün xalqımızın iradəsini əks etdirir və Ulu Öndərimizə olan sonsuz ümumxalq sevgisinin bariz təzahürüdür. Azərbaycan durduqca bu sevgi və ehtiram xalqın qəlbində əbədi yaşayacaq”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.