Xalqı ilə eyni hədəfə doğru irəliləyən Prezident...

Siyasi liderin və onun rəhbərlik etdiyi partiya, yaxud hərəkatın effektiv hakimiyyətinin ən mühüm göstəricisi hər an seçicisi qarşısında hesabat verməyə hazır olmasıdır. Hesabat qarşıya qoyulmuş məqsəd və vəzifələrin icra olunduğu tədqirdə verilir. Hesabatdan yayınmaq siyasətçi və siyasi qüvvə üçün bu statusda fəaliyyətin, mövcudluğun sonu anlamında qəbul olunmalıdır. Xalqdan güc alan, xalqa arxalanan lider hər an hesabat verməyə hazırdır və bunu özünə şərəf bilir. Təbii ki, dünya siyasət tarixində icra olunan vədlər və layihələr yarımçıq qalmış, yaxud iflasa uğramış proqramlarla müqayisədə azdır. Bu baxımdan, demokratik cəmiyyətlər siyasi liderdən xalq qarşısında gördüyü işlərə görə hesabat vermək üçün həm də cəsarət tələb edir.

 

Prezident cənab İlham Əliyevin xalqın etimadına arxalanan 20 illik hakimiyyəti bu yolun başlanğıcında – 2003-cü ildə elan edilmiş vədlərin mərhələli və planlı şəkildə icrasını əhatə edir. Dövlət başçısının Azərbaycan xalqına əsas sözü – işğal altında olan torpaqların azad olunması və məcburi köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına qayıtmasının təmin edilməsi bu vədlərdən ən taleyüklüsü olub. Çünki bu, tək vəd deyil, ideya kimi bizim bir xalq olaraq gələcəkdə də mövcud ola biləcəyimizin kodudur, açarıdır. Məhz bu səbəbdən xalqımız Prezident İlham Əliyevə bu 20 ilin hər anında dəstək durub və etimad göstərib, torpaqlarımızın azadlığı uğrunda başladığımız müqəddəs savaşımızda isə liderinin ətrafında misilsiz həmrəylik göstərərərk son iki əsrin başlıca problemi – tarixi ədalətsizliyin öhdəsindən gəlməyə və ədaləti bərpa etməyə müvəffəq olub.

 

Prezident İlham Əliyevin tək Qarabağın geri qaytarılması deyil, istisnasız olaraq bütün vədləri Azərbaycan xalqının milli maraqları, mövcudluq və gələcək inkişaf fəlsəfəsindən irəli gəlib. İqtisadi yüksəliş və sosial rifah olmadan güclü ordu qurmaq, sistemli təlim-tərbiyyə prosesini təşkil etmədən, təhsilsiz həmrəylik, birlik və milli vətənpərvərliyə nail olmaq, məcmu halda bunlar olmadan isə qələbə qazanmaq mümkün deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz qeyd olunan hər bir sferaya proqram xarakterli yanaşma nümayiş etdirib. Hökumətin əldə etdiyi iqtisadi nailiyyətlərlə yanaşı, qazandığımız mənəvi hədəf - həyata keçirilmiş çoxşaxəli islahatların bir istiqaməti olan kadr bazasının yenilənməsi ilə tətbiq edilmiş effektiv və müasir idarəçilik, yüksək milli ruh, döyüşkən və mübariz gənc nəslin yetişməsi bizi müqəddəs amala - Zəfər günü və bayrağımızın ölkəmizin hər bir güşəsində dalğalanmasına aparan yolun ayrılmaz tərkib hissələridir.

 

Dövlət başçısının hakimiyyət illərinin ən uca anı təbii ki, Xankəndi şəhərində üçrəngli bayrağımızın yüksəlməsi və hərbi paradın keçirilməsi oldu. Bizim bundan öncə də qürur dolu anlarımız olub, məsələn, mədəniyyət paytaxtımız, Qarabağın tacı olan Şuşanın azad edildiyi gün. Ancaq 30 il ərzində separatizmin kök saldığı əsas mərkəz məhz Xankəndidə yerləşdiyindən, bu cinayətkar hərbi-kriminal xuntanın da sonu məhz bu şəhərimizə nəzarətin geri qaytarılması ilə asosiasiya olunurdu. Cəsur hərbçilərimizin şəhər üzərində nəzarəti bərqərar etmələri və Müzəffər Ali Baş Komandanın Xankəndidə müqqəddəs bayrağımızı dalğalandırması ilə xalqımız qarşısında verilmiş ən önəmli sözün – işğal altında olan bütün ərazilərimizin geri qaytarılması reallığa çevrildi. İllər boyu xalqımıza fiziki və mənəvi əziyyət verən, bizə qarşı soyqırımı törətmiş, bizə Xocalı zülmü vermiş işğalçıya məhz Xankəndidə son verildi.

 

Bu gün Qarabağ və Şərqi Zəngəzuru qarış-qarış gəzən, dağıntıları yerində izləyən, torpaqlarımızın dirçəlməsi, əhalimizin firavan yaşayışı üçün infrastruktur layihələrinə start verən dövlət başçısı xalqımızın və dövlətimizin qarşıdakı illər üçün inkişaf konturlarını müəyyən edir. Ötən 20 ildə biz bir xalq olaraq liderimizlə birlikdə qarşımızda duran ölüm-dirim mübarizəsindən qalib, üzüağ çıxdıq. İndi bir xalq kimi yeni yüksəliş mərhələsinə qədəm qoyuruq – işğaldan azad edilmiş torpaqlarımızın Vətənimizə reinteqrasiya prosesini həyata keçirmək. Bu yol da təbii ki, hamar olmayacaq. Biz müxtəlif çətinliklərlə qarşılaşacağıq, çünki 300-dən çox yaşayış məskənimizi özümüz, öz vəsaitimizlə, öz gücümüzlə bərpa edəcəyik. Ancaq Prezident İlham Əlyevin rəhbərliyi ilə onların da öhdəsindən gələcəyik. Əsas bilirsiniz nədir? Əsas odur ki, xalqımız bir daha şəhid verməyəcək. Dövlət başçısının müdrik siyasəti, qətiyyətli addımları, əzmi və iradəsi ilə müharibədən qalib çıxan Azərbaycan xalqı bir daha itki, qurban nədir bilməyəcək və görməyəcək. Övladlarımız əmin-amanlıq şəraitində böyüyüb boya-başa çatacaq, xalqımız daima yaşayıb-yaradacaq.

Doğum gününüz mübarək, cənab Prezident!

Elnur Allahverdiyev,

Milli Məclisin deputatı