Xalqımızın nicat tapdığı gün

"Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan və tariximizə qızıl hərflərlə yazılmış günlərdən biri 15 İyun – Milli Qurtuluş Günüdür".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, 90-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyü xəyanətkar mövqe tutaraq, öz şəxsi ambisiyalarına görə ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu:

"Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi Azərbaycan dövlətinin və xalqının hansısa ölkənin tabeliyinə keçməsindən xilas etdi. 1991-ci ildə də yenidən müstəqil olan Azərbaycan yox olmaq təhlükəsi ilə üzləşmişdi. Xalqın ən çətin günündə Ulu Öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükəyə ataraq Bakıya gəldi. Onun Bakıya qayıdışı dövlətimizi yenidən əsarət altına düşməkdən xilas etdi.

Bilirsiniz ki, Heydər Əliyev hələ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən, Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışarkən bütün varlığı ilə xalqımızı və dövlətimizi düşünüb, fəaliyyəti dövründə bir sıra izlər qoymuşdu. Təbii ki, həmin dövrdə heç kim düşünməzdi ki, ölkəmiz müstəqil olacaq.

15 iyun xalqımızın nicat tapdığı və bütün üzləşəcəyi faciələrdən qurtulduğu gündür. Tarixə nəzər salsaq, görərik ki, Ulu Öndər Heydər Əliyev dövlətimiz və xalqımız üçün necə böyük işlər görüb.

15 iyun 1993-cü il tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Həmin gün Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. 1993-cü ilin iyun ayının 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilib. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan edib.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildiyi gündən vəfat edənə qədər yorulmadan çalışıb. Onun ən böyük arzusu torpaqlarımızın işğaldan aza edilməsi olub. Əslində Ulu Öndər Heydər Əliyev əmin idi ki, Azərbaycan ordusu tezliklə nə vaxtsa torpaqlarımızı işğaldan azad edəcək".

Deputat vurğulayıb ki, bu gün ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirmiş, müstəqiliyimizin daha möhkəmləndirərək, ərazi bütövlüyünə nail oldu:

"Bu gün Azərbaycan dünyada söz sahibidir, regionun ən nüfuzlu və qüdrətli dövlətidir. 44 günlük Vətən müharibəsindən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu düşmən üzərində möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyümüzün bərpasına nail oldu.

Bu gün cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən və beynəlxalq miqyasda nüfuzu gündən-günə artan, əsas söz sahibinə çevrilən dövlətdir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də cənab Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi gündən həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir.

Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalını alovlandırır, Böyük Qayıdışın reallaşması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək".