Azad seçki fəaliyyəti bəşər sivilizasiyasının nailiyyətləri sırasında xüsusi yer tutur. Müasir hüquqi, demokratik dövlətin, xalqın iradəsinə əsaslanan hakimiyyət orqanlarının, səmərəli özünütəşkil mexanizmlərinə malik cəmiyyətin mövcudluğunu azad və ədalətli seçkilərsiz təsəvvür etmək mümkün deyildir. Məlum olduğu kimi, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Azərbaycan Respublikası Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılmış və Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı - növbədənkənar prezident seçkilərini elan etmək səlahiyyəti verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konstitusiya səlahiyyətindən istifadə edərək 2018-ci il 5 fevral tarixli sərəncamı ilə növbədənkənar prezident seçkiləri elan etdi. Ölkənin dinamik tərəqqisi yolunda yeni bir mərhələnin başlanğıcını qoyan bu seçkilər, respublikamızda demokratik siyasi sistemin və liberal cəmiyyətin dərin kök saldığını bir daha nümayiş etdirdi.
Prezident seçkiləri Azərbaycanın dövlət müstəqilliyi tarixində əhəmiyyətinə görə ən taleyüklü hadisələrdən biri idi. Ölkənin kifayət qədər güclənməsi, regional proseslərdə həlledici söz sahibinə çevrilməsi və beynəlxalq proseslərə təsir imkanları qazanması seçkilərə beynəlxalq diqqəti artırırdı. Seçkilərin nəticələri təkcə Azərbaycan deyil, regionda geosiyasi proseslərin gələcəyi üçün də böyük əhəmiyyət daşıyırdı.
Seçkilər ədalətli və şəffaf şəkildə keçirildi. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən rəy sorğuları, seçkilər günü beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilənş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşdü.
Növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnirdi.
Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri uğurla həyata keçirilən düşünülmüş balanslı xarici siyasət sayəsində 2018-ci ilədək artıq bir çox yüksək nəticələr əldə olunmuşdu. O cümlədən, Prezidentimizin Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşmasına nail olması üçün münbit şərait yaranmışdı. Ölkəmizin beynəlxalq nüfuzunun günbəgün artması Azərbaycan vətəndaşlarını da ürəkən sevindirirdi. Belə olan şəraitdə, mövcud hakimiyyətə qarşı radikal müxalif mövqelərdən çıxış edən qüvvələr xalqın dəstəyini ala bilməzdilər və almadılar. Seçkilərdə iştirak edən vətəndaşların mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, birmənalı olaraq xalqın bütün radikal qüvvələrə verdiyi “yox” cavabı idi. Azərbaycan xalqı 2018-ci ildə bir daha bəyan etdi ki, sözügedən qüvvələrin Azərbaycanın siyasi səhnəsində yeri yoxdur.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən illərə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. İqtisadi və sosial sahədə qazanılmış bir neçə göstəricini diqqətə çatdırmaq kifayətdir. Ötən müddət ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq 49 faizdən təxminən 5 faizə enib, 2 milyondan çox yeni iş yerləri yaradılıb, əməkhaqları, pensiyalar dəfələrlə artırılıb. Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Azərbaycan xalqının iradəsini əks etdirən seçkinin nəticələri bir daha sübut etdi ki, vətəndaşlar dövlətin gələcək inkişafını məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kursun Prezident İlham Əliyevin mövcud şəraitə uyğun olaraq davam və inkişaf etdirilməsində görür. Azərbaycan xalqı real işlərə, sabit, davamlı inkişafa, tərəqqiyə və təhlükəsizliyə səs verdi.
Əminə Ağazadə
Milli Məclisin deputatı