“Xarıbülbülü”ü Xarı bülbül də alqışladı

Azərbaycan əsgəri Şuşanı işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “...Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq” – kəlamları Yerin də, Göyün də şükranlığı oldu. Şuşanın işğaldan azad edilməsi ilə Vətən müharibəsi başa çatdı – torpaqlarımız işğaldan azad olundu. Ölkə başçısının sərəncamı ilə 8 Noyabr Zəfər günü kimi tarixləşdi.

Zəfər Günü ruhumuzun qələbəsi idi və bu qələbə dünyanı heyrətləndirdi. Azərbaycana sayğısı olan dövlətlər sevindi, gözügötürməzlər, bəşəriliyə düşmənçilik edən dövlətlər paxıllaşdı.

Xalqımız bir neçə gün əvvəl Cıdır düzündə əsgərlərimizin sədaqətə söykənən möhtəşəm “Yallı”sını sevgilərlə izləmişdi. Bu ovqatı Şuşada keçirilən “Xarıbülbül” festivalı möhtəşəmliklə tamamladı. Azərbaycan ordusu düşmənə döyüşdə qalib gəlmişdi, bu festival Azərbaycan mədəniyyətinin qələbəsinin təntənəsidir. Belə bir festival Şuşada 1989-cu ilin 21 mayında keçirilmişdi. 32 il əvvəl! 32 il Cıdır düzü belə bir möhtəşəmliyin xiffətini çəkmişdi. Bu xiffəti bütün Azərbaycanı sevənlər çəkmişdi. Torpaqlarımız da işğaldan azad edildi, musiqimizin auditoriyası da. Festival açıq elan ediləndə iştirakçılar da, festivalı televiziyadan izləyənlər də Müzəffər Sərkərdəsinə görə də, qüdrətli Ordusuna görə də qürurlanmışdı.

Bu festival, belə bir çal-çağıra, bu səviyyədə coşquya tamarzı qalmış Şuşanın, Cıdır düzünün, İsa bulağının unutduğu qəhərin son nəfəsi oldu.

“Xarıbülbül”ü Xarı bülbül də alqışladı.

Səbinə Xasayeva

Milli Məclisin deputatı