Allahın bəxş etdiyi taleyi, qisməti insan özü yaşatmağa, ucaltmağa, dəyərləndirməyə borcludur. Xoşbəxt, uzunömürlü, yaddaqalan olması insanın özündən, amalından, əməlindən asılıdır.
Bəzi insanlar "Taleyimi yazan belə yazib" deyə Yaradanı günahlandırırlar. Zəhmət çəkməyib, bir peşə, sənət qazanmayıb çətinliklə yaşayanlar, ev-eşik, iş sahibi olmayanlar, bəd əməllərinin əzab-əziyyətini çəkənlər çox vaxt talelərinə qarğımaqla təskinlik tapırlar. İnsan verilən ömrü özü mənalandırır, həyatını özü qurur, əməlləri ilə tanınır, münasibəti ilə seçilir, xidmətləri ilə hörmət qazanır, şücaəti, qəhrəmanlığı ilə cəmiyyətin sevimlisinə çevrilir. Öz zehni, düşüncəsi, qabiliyyəti, təşkilatçılığı, xeyirxahlığı, humanistliyi, bəşəri ideyaları ilə tanınan, mənalı ömür quran insanlar ilk növbədə zəhmətlərinə borcludurlar.
Ulu Öndər Heydər Əliyevin valideynləri məhz halal zəhmətin sayəsində unudulmaz bir ömür qazanmışlar. Tale bu ailəyə çətinliklə qazanılan bir tikə çörək qismət etməsinə baxmayaraq, zəhmət, fədakarlıq, elm ailə üzvlərinin hər birinə mənalı həyat, bəxtiyarlıq, ucalıq bəxş etmişdir.
Əliyevlər ailəsi öz elmləri, əməlləri, fəaliyyətləri ilə nəinki bir ailənin, bir nəslin Azərbaycanın başını ucaltmışlar. Azərbaycan elminə, iqtisadiyyatına, mədəniyyətinə böyük töhfələr verən bu insanlar Yaradanın bəxş etdiyinə güvənməklə yaratmaqdan, qurmaqdan, tikməkdən, insanlara əl uzatmaqdan, kömək etməkdən, qayğı göstərməkdən doymamışlar. Həyatlarının mənasını vətənə, xalqa xidmətdə görən, milli-mənəvi dəyərlərinə, tarixinə, dilinə, dininə arxalanan, haqq-ədaləti, insanlığı uca tutan, azərbaycanlı olmaları və Azərbaycanı ucaltmaqla fəxr edən bu ictimai-siyasi xadimləri, alimləri, sənətkarları, müəllimləri birləşdirən, yüksəldən isə bir amal olub - vətəndaşlıq borcu və zəhmət. Bu insanların hər birinin xatirəsi bizim üçün əzizdir. Biz onları hər an anır, xidmətlərini yüksək qiymətləndiririk. Onlar bizim üçün canlıdırlar, çünki əməlləri, amalları yaşayır və bizə qüvvət, güc verir.
Dünyasını 20 il bundan əvvəl dəyişsə də, Ulu Öndər Heydər Əliyev dünən də yanımızda idi, bu gün də bizimlədir və gələcəkdə də hər an bizimlə olacaq. Çünki o bir günəşdir, heç vaxt sönmür, hərarəti, nuru tükənməzdir. Onun ideyaları bəşəridir, qalibdir, uğurludur, dönməzdir. Azərbaycan bu ideyaların işığında dünyaya nur saçır, inkişaf edir, qələbələr qazanır, düşmənlərimizi sarsıdır, haqq-ədaləti sahmana salır, yerinə qoyur.
Heydər Əliyevi yaşadan, ucaldan, dünya şöhrəti qazandıran, xalqına, torpağına bağlılığı, tarixinə, dilinə, dininə sədaqəti idi. O, xalqa kimliyini təbliğ edərkən, azərbaycançılığa yiyələnməyi vacib bilərkən, xalqa öz hüquqları, birliyi uğrunda mübariz olmağı anladarkən məhz bu günümüzü nəzərdə tuturdu. Ulu Öndərimizin uzun illər bundan əvvəl söylədiyi: "Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar" kəlamları Azərbaycanın timsalında reallığını tapıb. Heydər Əliyev Azərbaycan xalqının tarixində xilaskar rəhbər, uzaqgörən siyasətçi kimi daim xatırlanacaq və bu, inkarolunmazdır. Çünki Ümummilli Lider 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə Azərbaycanı iqtisadi böhrandan və gerilikdən xilas edib geridə qalan bir respublikadan qabaqcıllar sırasına çıxarıb millətə kimliyini bəxş etmişdisə, 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməklə Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirmişdi. O, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etmişdi. Bu iki xilaskarlıq missiyası Heydər Əliyev həyatının mənası, fəaliyyətinin, unudulmaz xidmətinin zirvəsidir. Azərbaycanda milli təfəkkür, şüur oyanmasaydı, millət, xalq kimliyini dərk edib nə üçün mübarizə apardığını dərk etməsəydi, böhranlı vəziyyət aradan qaldırıla bilməz və bugünkü uğurların bünövrəsi qoyulmazdı.
Heydər Əliyev 1970-ci illərin pəncərəsindən bu günümüzü gördüyü üçün Naxçıvanski hərbi məktəbini yaradırdı, Dərin özüllər zavodunu qururdu, saysız-hesabsız müəssisələr, zavodlar tikirdi, məktəblər, xəstəxanalar açırdı. O bilirdi ki, qurduqları, yaratdıqları gələcəkdə xalqına lazım olacaq, insanların köməyinə çatacaq. Heydər Əliyev hesablayırdı ki, strateji əhəmiyyətli müəssisələr yaratmadan, iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Məharətli, bacarıqlı hərbi kadrlar hazırlamadan, döyüşdə qalib gəlmək, ordu quruculuğunu möhkəmləndirmək çətindir. O, bunları 50 il bundan əvvəl düşünmüşdü və günümüz üçün yaratmışdı, qurmuşdu.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməklə dünyaya siyasi liderliyin, demokratiyanın, xalq məhəbbətinin qalib üzünü, mahiyyətini göstərdi. Müstəqilliyin hansı üsullarla qorunmasının, möhkəmləndirilməsinin yollarını dərk etdirdi. Yeni yaradılmış YAP rəhbərinin tez bir zamanda hakimiyyətə gəlməsi ilk növbədə Heydər Əliyevə xalqın sonsuz etimadının, ümidinin ifadəsi idi. Heydər Əliyev Qarabağ torpaqlarının düşməndən azad edilməsi uğrunda bütün qüvvəsini sərf etdi, beynəlxalq tədbirlərdə işğal altında olan torpaqlarımızın dərdlərini dilə gətirdi, qəbul olunmuş qətnamələrdən, qərarlardan söz açdı, haqq səsini dünyaya çatdırdı. O, qətiyyətlə və uzaqgörənliklə bildirirdi ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Məhz bunun üçün də lazım olan tədbirləri gördü, ordunu gücləndirdi, bu günümüz üçün əsaslı zəmin hazırladı. Xalq o dövrdə yaxşı bilirdi və anlayırdı ki, ölkəni çətin vəziyyətdən, xaosdan, vətəndaş müharibəsindən yalnız və yalnız Heydər Əliyev kimi böyük siyasətçi xilas edə bilər və belə də oldu.
"Heydər Əliyev İli" çərçivəsində - 2023-cü ildə Azərbaycan xalqı öz rəhbərini hər gün, hər an anmaqla bu ölməz insana öz sonsuz hörmət və məhəbbətini ifadə edir. Əlbəttə ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri, bəşəriyyətə verdiyi töhfələr nəinki bir ilə, heç bir əsrə də sığan deyil. Ulu Öndərimiz elə bir tarix yaradıb, elə bir irs qoyub gedib ki, onu nəsillər əsrlərlə öyrənəcək və təbliğ edəcəklər. Necə ki, bu gün xalqımız, xarici ölkə vətəndaşları, dünyanın tanınmış siyasətçiləri Heydər Əliyev haqqında iftixarla söz açır, gələcək nəsillər də bu yolu tutacaqlar. Ona görə ki, Heydər Əliyevin ideyaları işıqlıdır, uğurludur, dönməzdir.
Prezident İlham Əliyev məhz bu ideyalara sədaqətlə xidmət edərək ölkəni inkişaf etdirir, düşmən üzərində qələbələrə nail olur və Ümummilli Liderimizin əməllərini, amallarını, arzularını həqiqətə çevirməklə xalqımızı daha xoşbəxt gələcəyə aparır.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri