2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin Xızı şəhəri, Fındığan və Altıağac kəndlərində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını bildirirək seçkilərin önəmindən bəhs edib.
Daha sonra çıxış edən deputatlığa namizəd Müşfiq Məmmədli YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib.
Görüşlərdə çıxış edənlərdən Fərrux Haqverdiyev, Astan Bayramov, Cəmilə Fəyyaz, Həcər Rəsulova və Ramiz Əzimov Milli Məclisə keçiriləcək seçkilərin önəmini bildirərək 1 sentyabrda hər kəsi seçkidə iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.