Xocalı-cinayətin soyqırım ÜZÜ 

Bu il Xocalı faciəsinin törədilməsindən 32 il keçir. Xocalı xalqımızın yaddaşında elə bir iz buraxıb ki, illər ötsə də, zaman keçsədə bu iz heç zaman itmir, unudulmur. Əksinə hər keçən zaman Xocalı soyqırımının beynəlxalq arenada hüquqi qiymət alması istiqamətində qətiyyətli addımların atılmasını zəruri edir. Bu baxımdan hər bir vətəndaşımız Xocalı soyqırımının beynəlxalq arenada tanıdılmasında öz öhdəsinə düşən vəfizəni layiqincə yerinə yetirməlidir.
Bəli. Qarlı, covğunlu qış günündə baş verən soyqırım insanlığa qarşı həyata keçirilmiş ən çirkin cinayətdir. Körpə uşaqların, qadınların və yaşlıların min bir əzab əziyyətlə öldürülməsi Azərbaycan tarixinə Xocalı qətliyamı kimi daxil olub. Fevral ayının 25-dən 26-na keçən gecə erməni daşnaqlarının keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə həyata keçirilən soyqırım əslində “Böyük Ermənistan” xülyasının reallaşdırılması istiqamətində atılan addım idi. Rəsmi məlumatlar da hamımıza bəllidir: erməni qatillərinin törətdikləri bu yeni kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın xüsusi qəddarlıqla məhvinə səbəb oldu. Qırğın həm də 487 nəfərin yaralanması, 1275 dinc sakinin amansız işgəncələr məqsədi ilə əsir götürülməsi, 150 nəfərin itkin düşməsi, 8 ailənin tamamilə məhv edilməsi ilə nəticələndi…
Xocalı soyqırımının tanınması və hüquqi qiymət verilməsi Ulu Öndərimizin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Ulu Öndərin 25 fevral 1997-ci il tarixli Sərəncamında isə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi ilə dövlətimiz Xocalı soyqırımına beynəlxalq müstəvidə lazımi siyasi-hüquqi qiymət verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Faciənin il dönümlərində anım mərasimləri, ümumxalq yürüşləri, tədbirlər, konfranslar keçirilir. Hər il xarici ölkələrin parlamentlərinə, hökumətlərinə, beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı onlarla müraciətlər edilir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində 2008-ci ildə başlanılmış “Xocalıya Ədalət” kampaniyasının əhəmiyyəti olduqca böyükdür. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir.
Bu gün Xocalı rayonun Meşəli kəndində qanlı sıyqırımı törədən Xaçatryanın məhkəmə qarşısına çıxarılması məhz Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində baş vermişdir. Əlləri günahsız insanların qanına bulanmış Xaçatryan və onun havadarları törətdiyi cinayətlərdən heç zaman yaxa qurtara bilməyəcək. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində beynəlxalq hüquq normalarına uyğun olaraq Xocalı soyqırımına layiqli qiymət veriləcək və cinayətkarlar öz cəzalarını alacaqlar.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı