44 günlük Vətən Müharibəsində əldə etdiyimiz böyük Qələbədən sonra Xocalı soyqırımının ildönümü də fərqli şəkildə anılır. 32 ildən sonra Xocalı sakinləri öz doğma yurdunda şəhidlərin xatirəsini yad etdi. Prezident İlham Əliyevin Xocalıda ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüş, burada verilən mesajlar bir daha təsdiqlədi ki, 20 sentyabrdan etibarən Xocalının da artıq yeni parlaq tarixi, yeni inkişaf dövrü başlayıb. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram günüdür.
Təbii ki, 44 günlük müharibədə necə ki, Şuşasız bizim işimiz yarımçıq qala bilərdi, eləcə də Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Son 32 ildə ilk dəfə Xocalı soyqırımı qurbanlarının xatirəsi Xocalıda anıldı. Dövlət başçımız Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin təməlini qoydu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
Bu kompleks üçün ən uyğun məkan təbii ki, Xocalıdır. Prezident İlham Əliyevin də söylədiyi kimi, əslində kompleksin layihəsi çoxdan hazır olsa da, Xocalıya qayıdacağımız günü gözlədiyimiz üçün bu vaxta qədər həmin memorialın tikintisi təxirə salınırdı. Dövlət başçımızın bu sözləri hər birimizi təsirləndirdi. Bu, bir daha onu göstərdi ki, Xocalıya qayıdışla bağlı heç vaxt şübhə olmayıb. Prezident İlham Əliyev Ali Baş Komandan kimi sona qədər hər zaman ərazilərimizin hər bir qarışının azad olunması istiqamətində çalışıb. 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bizi əsas hədəfimizə çatdırdı. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək. Soydaşlarımız bu torpaqlara qayıdacaq.
Məlumdur ki, 2008-ci ildən “Xocalıya ədalət” kampaniyası çərçivəsində soyqırımın dünyaya tanıdılması istiqamətində fəal iş aparılır. Amma dövlət başçımızın da söylədiyi kimi, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Faciəni soyqırım kimi tanıyan 18 ölkənin arasında böyük dövlətlərin adlarının olmaması reallığın nədən ibarət olduğunu söyləməyə əsas verir. Beynəlxalq təşkilatların susqunluğu, böyük dövlətlərin biganəliyi ona gətirib çıxardı ki, Azərbaycan Xocalıya ədaləti döyüş meydanında təmin etdi. Bu, həm də tarixi ədalətin bərpası idi. Bu ədalət nəticəsində biz Xocalıya qayıtdıq, burada həyat yenidən başlayır. Şəhidlərimizin, soyqırım qurbanlarının ruhu şaddır. Amma Azərbaycan xalqı 20-ci əsrin ən qanlı cinayətini - Xocalı soyqırımını heç vaxt unutmayacaq.