Cəlilabad rayonunda həbs edilmiş Saməddin Məmmədov haqda sosial şəbəkələrdə bəzi məlumatlar yayılıb. Onun bloger fəaliyyətinə görə saxlandığını deyənlər var. Hazırda Bakıda, ölkənin müxtəlif bölgələrində bolgerlik və ya buna bənzər fəaliyyət göstərən kifayət qədər insan var. Onların heç biri nə saxlanır, nə sıxışdırılır, nə də fəaliyyətləri məhdudlaşdırılır. Bəs niyə Cəlilabad rayonunda bir şəxs hüquq mühafizə orqanlarının diqqətini cəlb etsin? Onu niyə saxlasınlar?
Azerforum.com xəbər verir ki, Musavat.com bu suallardan yola çıxaraq S.Məmmədov barədə bəzi məlumatlar əldə edib.
Cəlilabaddakı mənbələrin məlumatına görə, Saməddin Məmmədovun sosial və peşəkar jurnalistikaya heç bir dəxli yoxdur. O özünü bloger kimi təqdim edərək blogerliyə, jurnalistikaya dəxli olmayan fəaliyyət göstərir. Musavat.com-un “jurnalistikaya dəxli olmayan fəaliyyət nədir” sualına mənbə belə cavab verdi ki, S.Məmmədov reketlik, hədə-qorxu ilə tələb etmə və kriminal həyat tərzini pərdələmək məqsədilə özünü cəmiyyətə “bloger” kimi təqdim edir. Mənbənin iddiasına görə, Cəlilabad rayon sakini 50 yaşlı Saməddin Məmmədov indiyə kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə həbs olunub və 8 il məhkumluq həyatı yaşayıb.
Musavat.com-a verilən bilgilərin içində o da var ki, sözügedən şəxs İrandan Azərbaycana qanunsuz və gizli yollarla narkotik daşımaqla narkotiklərin qaçaqmalçılığı və satışı ilə məşğul olub.
Bizə çatan informasiyalarda S.Məmmədovun oğlanlarından da bəhs edilir. Oğulları Amid və Nahidin adları kriminal fəaliyyətdə hallanır.
Mənbəmizin bizə verdiyi xəbərə görə, 26 yaşlı Amid hələ 2014-cü ildə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. İkinci oğlu, 25 yaşlı Nahid də 2019-cu ildə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkumluq həyatı yaşayıb.
Saməddin Məmmədov öz kriminal həyat tərzinə oğlanlarından başqa, kürəkənini də qoşub. Cəlilabaddakı bilgili şəxslər deyir ki, kürəkəni 37 yaşlı Rəşad Ağaşov da 2019-cu ildə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hazırda həbsdədir.
Bəs Saməddin Məmmədovun həbsinə hansı hadisə səbəb olub? Musavat.com-un əldə etdiyi məlumatı oxucuların diqqətinə çatdırırıq:
“Bu il sentyabrın 27-də səhər saat 10 radələrində S.Məmmədov özü, oğlu Nahid və bacısı oğlu Elsevər Məmmədov rayonun Məşədivəlli kənd sakini Elşən Cəfərovun onlar barəsində sosial şəbəkələrdə paylaşım etməsini bəhanə gətirərək Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında keçirilən kütləvi tədbir zamanı ona qarşı xuliqanlıq hərəkətləri ediblər və bu zaman Saməddin təpiklə onun sifət nahiyəsindən qəsdən vuraraq burun sümüyünün qəlpəli sınıq xəsarəti yetirib.
Faktla bağlı CM-nin 127.1 və 221.2.1-ci maddələri ilə cinayət işi başlanıb və S.Məmmədov saxlanıb. Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib”.