1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdikdən cəmi dörd ay sonra XX əsrin ən qanlı cinayətlərindən biri- Xocalı soyqırımı törədildi, 613 nəfər mülki şəxs yalnız azərbaycanlı olduqlarına görə xüsusu amansızlıqla qətlə yetirildi, 76-sı uşaq olmaqla 487 nəfər güllə yarası aldı, 1275 nəfər isə əsir götürüldü. Onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi indiyədək məlum deyil. Bu illər ərzində ötən hər gün milli mənliyimizi sınağa çəkdi, “bu amansız cinayətin törədilməsinə necə imkan verdik” sualına hər birimizdən cavab tələb etdi. Qəhrəman ordumuz mənən olduqca ağır olan bu sualın cavabını 44 günlük Vətən müharibəsi və ötən ilin 24 saatlıq antiterror tədbiri zamanı savaş meydanında ləyaqətlə verdi. Əsgər və zabitlərimiz, düşməndən fərqli olaraq, mülki erməniləri və mülki infrastrukturu hədəf seçmədi, onlardan qisas almadı. Amma öz cəsarəti ilə Ermənistan ordusunun “məğlubedilməzlik” mifini yerlə-yeksan etdi, düşmənin 12 minə qədər hərbçisi Ordumuzun gücü və döyüş ruhu qarşısında fərarilik edərək pərən-pərən düşdü. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.
Milli heysiyyətimizi hələ də təsirləndirən odur ki, bu gün ağızdolusu sülhdən, insan haqlarından və demokratiyadan dəm vuran bəzi ölkə və təşkilatlar o illər ərzində Xocalı soyqırımını tanımağa nəinki cəsarət etmədilər, əksinə, Sarkisyan kimi Xocalı cəlladlarına qucaq açıb, faktiki olaraq, onların ədalət mühakiməsindən yayındırılmasında iştirak etdilər. Bunu edərkən psevdo-demokratiya carçılarının yadına azərbaycanlıların insan haqları nədənsə düşmədi. Bu gün hər birimizi hiddətləndirən odur ki, eyni dairələr həmin siyasəti utanmadan davam etdirirlər. Ayrı-seçkilik artıq elə bir iyrənc həddə çatıb ki, beynəlxalq hüququn legitim prosedurları çərçivəsində öz suverenliyini və ərazi bütövlüyünü, tarixi haqqını və ədaləti bərpa etmiş Azərbaycanın Zəfəri həmin dairələri hələ də rahat buraxmır. Təkcə son on gündə Azərbaycan XİN-nin Fransanın təxribat xarakterli növbəti bəyanatına və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun əsassız açıqlamalarına, Qərbi Azərbaycan İcmasının isə Niderland Parlamentinin qərəzli qətnaməsinə cavab vermək məcburiyyətndə qalması bir daha ona dəlalət edir ki, ölkəmizi uydurma bəhanələrlə hədəf seçən bu dairələri birləşdirən nə demokratiya, nə də insan haqlarıdır. Xalqımız əsrlər boyu multikultural və tolerant yaşam tərzinə sadiq qaldığı üçün hələ də bu suala cavab axtarışındadır: bütövlükdə qlobal təhlükəsizliyi təhdid edən separatçılığa vurduğumuz öldürücü zərbə niyə onları narahat edir?
Bu haqlı sualın cavabını zaman özü verməkdədir. Nə qədər qəribə görünsə də, cəmiyyətimiz artıq məlum olan cavabı ictimailəşdirməyi və üzərinə getməyi özünə rəva bilmir, onun ayıbını bunu edənlərin öz vicdanına buraxır. Çünki xalqımız tolerant düşüncə tərzinə görə üzləşdiyi yanaşmanı anormal hesab edir və bu səbəbdən onun müzakirəsini özünə sığışdırmır. Bununla belə, cəmiyyətimiz nə qədər tolerant olsa da, onu da görür ki, Niderland Parlamentinin Nümayəndələr Palatasının mayın 23-də Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamənin müəllifləri “Xristian İttifaqı” və “Xristian Demokratik Çağırış” partiyalarıdır. Həmin partiyalar bizləri onda ittiham edirlər ki, guya erməniləri etnik təmizləməyə məruz qoymuşuq və guya onların mədəni irsinə ziyan vururuq. Amma erməni uydurmalarını kobud şəkildə tirajlayan partiyaların heç yadına da düşmür ki, milyona yaxın azərbaycanlı 30 ildən artıq qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur olub, bu illər ərzində ermənilər tarixi və mədəni irsimizdən tutmuş məscid və qəbirlərimizə qədər bütün dəyərlərimizi təhqir edib, onların əksəriyyətini yer üzündən silib. Xarici jurnalistlərin “Qafqazın Xirosiması” adlandırdıqları Ağdam bunun əyani sübutlarından yalnız biridir. Ən böyük riyakarlıq ondadır ki, bu həqiqətləri görməzdən gələnlər demokratiya və söz azadlığını bəhanə edərək Azərbaycanı məqsədli şəkildə hədəf seçir, hər fürsətdə Qələbəmizə kölgə salmağa çalışırlar. Belələri ölkəmizə qarşı qəbul etdikləri qətnamə və bəyanatları demokratik dəyərlərlə nə qədər pərdələməyə çalışsalar da, ayrı-seçkiliyə və qərəzə söykənən gerçək motivləri gec-tez üzə çıxır.
Cəmiyyətimizdə ikrah hissi doğuran və xalqımızın hiddətinə səbəb olan bu cür haqsız hücumlara ən layiqli cavab Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləridir. Amma məlum motivlərə söykənən erməni sevdası bəzilərinin gözlərini o dərəcədə bağlayıb ki, onlar utanmadan Xocalı soyqırımının və erməni vandallığının unudulacağına hələ də ümid edirlər. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müstəqillik Günündə Xocalı şəhərinin ilk sakinləri ilə keçirdikləri görüş, həmin görüşdəki vətəndaş-lider həmrəyliyi bədxahlarımıza ən tutarlı cavabdır. Əgər Ermənistana havadarlıq edənlərdən kimlərsə ümid edir ki, Azərbaycan xalqı Xocalı soyqırımını nə zamansa unudacaq, yaxud həmin qanlı cinayəti unutdurmaq siyasətini həyata keçirən ölkə və təşkilatları bağışlayacaq, belələri yalnız özlərini aldadırlar. Bir daha sübut edirlər ki, Azərbaycan xalqını və onun şəksiz Liderini yaxşı tanımırlar. Prezident İlham Əliyevin Xocalıda səsləndirdiyi bu fikir həmin dairələrin hər biri üçün ciddi siqnal olmalıdır: “Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir... Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək”.
Xocalı soyqırımını indiyədək tanımayan ölkələr və onların diktəsi ilə Azərbaycana qarşı əsassız qətnamə qəbul edən beynəlxalq təşkilatlar onu da bilməlidirlər ki, sərgilədikləri qərəzli münasibət yalnız Ermənistandakı revanşist kütlənin körüklənməsinə xidmət edir və sülh danışıqlarına zərbə vurur. Amma belə düşünməsinlər ki, Azərbaycan rəhbərliyi bu gün Ermənistanda revanşistləri hərəkətə gətirən ölkə və təşkilatların ziyanverici addımlarından xəbərsizdir, yaxud buna biganədir. Prezident İlham Əliyev Xocalıda həm bu cür dairələrə, həm də Ermənistan rəhbərliyi ilə yanaşı revanşist qüvvələrə kifayət qədər açıq mətnlə bu mesajı da verdi: “Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik... Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək”.
Hansı güc mərkəzlərinə sığınmalarından asılı olmayaraq, Ermənistanda iqtidarlı-müxalifətli hər kəs artıq yaxşı bilir ki, Azərbaycan Prezidenti öz sözünün ağasıdır. Məhz buna görə düşünmürəm ki, orada kimlərsə bunu yenidən yoxlamağa cəhd etsin. Əgər kimlərinsə diktəsi ilə buna cəhd etsələr, heç şübhəsiz ki, cavab da qaçılmaz və həmişə olduğu kimi, adekvat olacaq. Ona görə də boş xülyalara qapılmaqdansa, sülh üçün yaranmış tarixi fürsəti əldən verməmək Ermənistanın dövlətçilik gələcəyinə daha çox fayda vermiş olar. Əminəm ki, Ermənistanda çoxları, o cümlədən hakim dairə bu həqiqəti yaxşı bilir. Heç kim ona da şübhə etməsin ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət” kampaniyası öz haqlı hədəflərinə daha geniş coğrafiyada mütləq nail olacaq. Necə ki, qondarma separatçı rejimin üzdəniraq təmsilçiləri haqq etdikləri taleyi bu gün DTX təcridxanasında yaşayır və ədalət mühakiməsinin qərarını Bakıda gözləyirlər.
Ülvi Quliyev
Milli Məclisin deputatı