YAP Ağdaş rayon təşkilatında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov tədbirdəki çıxışında ölkəmizdə qadın hərəkatının və dövlət qadın siyasətinin formalaşmasının məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, Ulu Öndərin rəhbərliyi dövründə bu sahədə mühüm qanunvericilik bazası yaradılmış, taleyüklü fərman və sərəncamlar imzalanmışdır.
Bu gün həmin uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən natiq, Azərbaycan qadınına göstərilən dövlət qayğısının yeni bir yüksəliş mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Birinci vitse prezident, YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevanın fəaliyyətindən geniş bəhs edilib, xalqımız üçün gördüyü işlərin misilsiz olduğu vurğulanıb.
Çıxışda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdə Azərbaycan qadınının, xüsusilə də qəhrəman şəhidlərimizi və igid qazilərimizi böyüdən fədakar anaların müstəsna rolu yüksək qiymətləndirilib.
Tədbirdə çıxış edənlər dövlət qadın siyasəti haqqında öz fikirlərini bildirib, dövlətin Azərbaycan qadınına olan qayğısından söz açıblar.
Sonda YAP Ağdaş rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına Fəxri fərman və gül dəstələri təqdim olunub. Görüş xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.