2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Gənclər Birliyi bölgə gəncləri ilə görüşlərə start verib.
Xüsusi brendləşdirilmiş avtobuslar ilə rayon və şəhərlərdə təşkil edilən səyyar görüşlər ilk olaraq Balakən və Tərtər rayonlarında keçirilib.
Görüşlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra YAP Gənclər Birliyinin üzvləri Emil Aslanlı, İlqar Axundov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək prezident seçkilərinin önəmindən, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 20 ildə qazandığı nailiyyətlərdən, xüsusilə də gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edib, qarşıda duran hədəfləri diqqətə çatdırıblar.
Görüşlərdə, həmçinin bölgə gənclərinə seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə məlumat verilib, ilk dəfə səs verəcək gənclərin məlumatlılıq səviyyəsinin artırılması ilə əlaqədar infosessiyalar təşkil edilib.
Səyyar platformalarda maarifləndirmə sessiyaları ilə yanaşı, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər və müxtəlif tematik müsabiqələr keçirilib.
Gənclər Azərbaycanın Zəfər tarixini yazan, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəklədiklərini, Azərbaycanı parlaq gələcəyə - işıqlı sabaha aparan Liderə səs verəcəklərini və daim onun ətrafında sıx birləşəcəklərini ifadə ediblər.
Tədbirlərə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.