Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Türkistan şəhərində Qazaxıstan Respublikasının müstəqilliyinin 30 illiyinə həsr olunan beynəlxalq gənclər forumunda iştirak edib. Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan olan qonaqların iştirak etdiyi tədbirə ümumilikdə Qazaxıstanın bütün bölgələrini təmsil edən 200-dən çox fəal gənc qatılıb.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov tədbirdə təqdimatla çıxış edərək, gənclərə 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə haqqında məlumat verib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 30 il ərzində davam edən işğala son qoyaraq öz ərazilərini azad edib. O, bu möhtəşəm zəfərin əldə olunmasında vətənpərvər ruhda yetişən Azərbaycan gənclərinin rolundan da bəhs edib. Həmçinin B. İslamov YAP Gənclər Birliyinin fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıb.
Tədbirdə iştirak edən Qazaxıstanın “Nur-Otan” Partiyası Sədrinin birinci müavini Baurcan Baybek çıxışında Azərbaycanla Qazaxıstan arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətindən söhbət açıb. Qeyd edib ki, iki ölkənin gəncləri arasında əlaqələrin daha da möhkəmlənməsi olduqca vacib, önəmli əhəmiyyət daşıyır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.