2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 76 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cavanşir Hümmət oğlu Paşazadənin Şağlaser kənd mədəniyyət evində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının növbəti dəfə Zəfər qazanacağına əminliyini ifadə edib.
Çıxış edən deputatlığa namizəd Cavanşir Paşazadə əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının yarandığı gündən etibarən şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Əminliklə vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qüdrəti və beynəlxalq nüfuzu daha da artacaq.
Çıxış edənlər seçiciləri 1 sentyabr parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində seçicilər də ilk dəfə bütöv Azərbaycan ərazilərini əhatə edəcək parlament seçkilərində partiya namizədini dəstəkləyəcəklərini deyiblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Cavanşir Paşazadə Lənkəran rayonun Vilvan kəndində də seçicilərlə görüş keçirib.
Daha sonra namizəd Şağlaser kəndində şəhidlərin məzarını ziyarət edib.