YAP - milyonların sevgisini və etimadını qazanan Zəfər partiyası

Elməddin Quliyev

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

29 illik zəngin yol keçən Yeni Azərbaycan Partiyası dövrün, zamanın tələblərindən irəli gələn hədəflərə doğru inamla irəliləyir

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu və son 18 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının yaradılmasından 29 il ötür. Qürurvericidir ki, ölkəmizin həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən 21 noyabr tarixini artıq ikinci ildir ki, Zəfər ab-havasında, qürurla qeyd edirik. Müstəqilliyimizin yenidən bərpasının 29 ilinə bələdçilik edən Yeni Azərbaycan Partiyasının dünyaya səs salan tarixi Zəfərimizdə öz payı, rolu vardır. Uğurlarımızın zirvəsində dayanan Qələbəmiz ərazi bütövlüyümüzü bərpa etdi, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanda bütün sahələrdə, o cümlədən siyasi sistemin təkmilləşdirilməsi istiqamətində yeni mərhələyə yol açdı.

Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Düzgün dəyərləndirmənin aparılmasında isə əsas faktor zamandır. 29 illik zaman bu gün sıralarında 760 mindən artıq üzvü birləşdirən, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq yeni qərarlar qəbul edib onların icrası istiqamətində mühüm addımlar atan Yeni Azərbaycan Partiyasının milyonların partiyası kimi nüfuz qazanmasını şərtləndirən amilləri daha dəqiq təhlil etməyə yardımçı olacaq.

Reallıq budur ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycan 1991-ci il 18 oktyabrda müstəqilliyini yenidən bərpa etsə də ilk illərdə hakimiyyətdə olan şəxslərin siyasi savadsızlığı, səriştəsizliyi ucbatından ölkədə baş alıb gedən xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması, digər tərəfdən Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi xalqın sabaha ümidlərinin itməsinə, ən əsası Azərbaycanın parçalanmasına, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməsinə gətirib çıxarmışdı. Bu gün cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası məhz belə çətin dövrdə xalqın istəyi, zamanın tələbi ilə yaradılmışdır. 30 illik müstəqillimizin yenidən bərpasının ilk iki ili tariximizin qara səhifəsi kimi xarakterizə olunur. Həmin dövrün gerçəklikləri tarixə “91-lər”in müraciəti kimi yazılan, ümumilikdə xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən, ulu öndər Heydər Əliyevə ünvanlanan “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində öz əksini tapmışdır. Müraciətdə qeyd olunmuşdur ki, Azərbaycan sözün əsl mənasında siyasi, iqtisadi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, "real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür. Yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirirdi. Yeni-yeni partiyaların meydana çıxması fonunda ölkədə ictimai-siyasi həmrəyliyin yaradılması istiqamətində heç bir iş görülmürdü. Bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək, beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yox idi. Müraciətdə bu inam öz əksini tapırdı ki, əgər bu partiyanın bünövrəsini Heydər Əliyev kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olaraq fəaliyyət göstərəcək. Ümummilli Liderin “91-lər”in müraciətinə "Yeni, müstəqil Azərbaycan uğurunda” cavabı Onun hər zaman olduğu kimi yenə də xalqının yanında olduğunu, Azərbaycanının gələcəyini düşündüyünü nümayiş etdirdi. Yaranacaq partiyanın Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayacağına əminliyin ifadə olunduğu həmin cavab, həmçinin ayrı-ayrı sahələrdə görüləcək işlərin məcmusu oldu.

Məlum səbəblərdən təsis konfransını 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Azərbaycanın müxtəlif regionlarından 550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 760 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, möhkəm təmələ əsaslanan siyasətə dəstəyin bariz nümunəsidir. Yarandığı gündən milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyası populizmdən uzaq olaraq sözlə əməl birliyinin, tutduğu yola sadiqliyin nəticəsində nəinki ölkəmizin, eyni zamanda, regionun aparıcı siyasi təşkilatına çevrilib və böyük nüfuz qazanıb. Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün aktuallığını qoruyaraq partiyanın qarşısında perspektivlər açır, yoluna bələdçilik edir. Bu məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin həyatında dünya praktikasında rast gəlinməyən, analoqu olmayan hadisə yaşandı. Belə ki, yaranandan cəmi 7 ay sonra YAP iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyası dövlətə, xalqa xidmət missiyasını Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələri ilə nümayiş etdirir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı kimi dəyərləndirildi. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə yalnız Azərbaycanın deyil, Yeni Azərbaycan Partiyasının da həyatında yeni dövr başlandı. Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Ölkədə sabitliyin, normal iqtisadi mühitin yaradılması Azərbaycana investisiya axınını sürətləndirdi. Ulu Öndərin gərgin səyləri nəticəsində 1994-cü il 12 mayda cəbhədə atəşkəsin əldə olunması ölkəmizdə sabitliyin təmin olunması ilə digər sahələrin də inkişafına geniş imkanlar yaratdı. Həmin ilin 20 sentyabrında tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsi imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və davamlı inkişafının əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları onun uzaqgörən və gələcəyə hesablanmış siyasətinin təqdimatı oldu. Belə ki, Ümummilli Lider iqtisadiyyatın inkişafında neft amilinə önəm verməklə bugünkü reallıqlarımızın əsasını qoydu. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı son 18 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsasını təşkil edir.

Ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması siyasi müstəqilliyinə də geniş imkanlar açdı. Hazırda fəxrlə bəhs etdiyimiz tarixi Zəfərimizin qazanılmasında bu amilin rolu xüsusi qeyd edilir. İqtisadi cəhətdən hansısa dövlətdən asılı olduğumuz halda müstəqil siyasət yürüdə bilərdikmi? Azərbaycan müstəqil siyasətinin uğurlarını hər addımda görür və dünyanın əksər dövlətlərinin ölkəmizə qarşı əsassız təbliğat aparmasında müstəqil siyasətimizi həzm edə bilməmələri əsas rol oynayır.

Azərbaycanın tarixində dirçəliş, inkişaf dövrü kimi xarakterizə olunan 1993-2003-cü illərin xronologiyasına diqqət yetirdikdə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yeni Azərbaycan qurulduğunu böyük inamla qeyd edirik. Ümummilli Lider xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı 1991-1993-cü ilin iyununadək olan dövrün xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas edərək inkişaf, tərəqqi dövrünə çıxardı. Ulu Öndərin gələcəyə hesablanmış siyasəti nəticəsində artıq ayrı-ayrı qrupların deyil, torpaqlarımızın müdafiəsinə xidmət edən nizami ordumuz yaradıldı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması əsas idi. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil görərək bir sıra mühüm addımlar atmışdır ki, bunlardan biri də Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması idi. Bu gün orduda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin liseyin yetirmləridirlər.

Heydər Əliyev siyasətinin uğurlarını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Azərbaycanın demokratik islahatlar sahəsində, diplomatik müstəvidə, xarici siyasət sahəsində qazandığı uğurların miqyası ölçüyəgəlməzdir. Bütün bu uğurlarımızda öz payı olan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf etdi, “dünənin, bu günün və sabahın partiyası”na çevrildi. Qeyd etdiyimiz kimi, partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdir. Yeni Azərbaycan Partiyasının proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Yeni Azərbaycan Partiyası demokratik prinsiplərə və ideyalara sadiq qalan partiya kimi nüfuz qazanıb. YAP Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. YAP ölkədə milli birlik və həmrəyliyin güclənməsində də öz sözünü deyir. Xalqın mənafeyi, dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən Yeni Azərbaycan Partiyası qeyd etdiyimiz kimi, fəaliyyətində bu prinsipləri əsas götürdü: Azərbaycanda güclü dövlət yaranmalı, insanların həyat səviyyəsi yüksəlməli, sabitlik, inkişaf davamlı proses kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməli, Dağlıq Qarabağ münaqişəsi həll edilməli, ərazi bütövlüyümüz bərpa olunmalıdır. 29 ilin təhlili Yeni Azərbaycan Partiyasının bütün bu hədəflərə yüksək səviyyədə nail olduğunu təsdiqləyir.

Yeni Azərbaycan Partiyası bu gün də tutduğu yola, əqidəyə sadiqdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə xalqa müraciətinə bir daha nəzər salaq. “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” söyləyən ulu öndər Heydər Əliyev bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin yolunun Azərbaycana qazandırdığı uğurlara söykənərək 2003-cü il 15 oktyabrda keçirilən prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək, cənab İlham Əliyevi dəstəkləməklə növbəti dövr üçün uğurlarımıza yol açdı. Ölkə Prezidenti İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə əminliyini ifadə edərək bildirmişdir ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcək. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaq. Ölkəmiz müasir dövlətə çevriləcək. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir: “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Son 18 ilin uğurları möhtərəm Prezidentimiz İlham Əliyevin hər bir vədini əməli fəaliyyəti ilə təsdiqlədiyini göstərir. Dövlət başçısının əsas amalı ərazi bütövlüyümüzün bərpası, ərazilərimizin işğaldan azad edilməsi idi. Bu illər ərzində Azərbaycan bütün sahələrdə gücləndi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı, ordumuz Qələbəyə hazırlandı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu, ərazi bütövlüyümüz bərpa edildi, işğaldan azad edilmiş ərazilərimizin bərpasına və yenidən qurulmasına start verildi. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtliyini Qarabağın tacı Şuşamızın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən belə ifadə etmişdir: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Ali Baş Komandan İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı, Qələbəmizin əsas qəhrəmanı kimi yazdı. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının dövlət başçısı İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təltif edilməsi ilə bağlı qərarı da tarixi Zəfərimizə, türk dünyasının birliyinə verdiyi töhfələrə əsaslanır. Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Lider kimi dəyərləndirilir. Bu gün Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı dünyaya nümunədir. Hər bir sahədə həmrəylik nümayiş etdirən iki dost, qardaş ölkələrin hakim partiyaları arasında da əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında əlaqələrin inkişaf səviyyəsi qarşılıqlı səfərlərdən, imzalanan sənədlərdən, birgə keçirilən tədbirlərdən daha aydın görünür.

Bütün bu uğurlarımız xalq-iqtidar birliyini daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının da nüfuzunu artırır, yeni-yeni hədəflərə doğru inamla irəliləməsinə stimul verir. Zəfərimizin yaratdığı yeni reallıqlar Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsini zərurətə çevirdi. Təbii ki, görülən işlər ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin etməli və dövlətin milli maraqları daim qorunmalıdır. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artır. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün Yeni Azərbaycan Partiyası hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII Qurultayında dərin məzmunlu, proqram xarakterli çıxışı arxada qalan illərin aydın mənzərəsini yaratmaqla yanaşı, qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu.

Bir mühüm məqamı da qeyd etməliyik ki, sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. YAP tarixdə qələbələr və zəfərlər partiyası kimi imic qazanıb. Partiyanın qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər ümumilikdə dövlətimizin daha da güclənməsinə, nüfuzunun artmasına və xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Bu gün YAP dünyanın ən nüfuzlu siyasi partiyaları ilə fəal şəkildə əməkdaşlıq edir. Əməkdaşlığa daim açıq olan YAP partiyalararası siyasi dialoqa öz töhfələrini verir.

Siyasi dialoqun inkişafı dövlət siyasətinin mühüm fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi partiyaların təşəbbüsü ilə zənginləşdirilir. Partiyanın VII qurultayında qəbul olunan mühüm qərarlardan biri 6 siyasi partiyanın öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına qoşulmasıdır. Azərbaycanda hər zaman siyasi dialoq mühiti mövcuddur, hakimiyyət siyasi partiyaların bir araya gəlməsi, dövlətimizin, xalqımızın gələcəyi naminə birlik nümayiş etdirməsi üçün zəruri olan bütün addımları atır. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin, həmrəyliyin təqdimatı oldu. Möhtərəm Prezidentimiz İlham Əliyev partiyanın VII Qurultayında bu məqama da xüsusi diqqət yönəltmişdir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub”.

Bu kimi addımlar Yeni Azərbaycan Partiyasına olan inamın, etimadın göstəricisidir. YAP dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etməklə davamlı uğurlara imza atır. YAP hər zaman yeniliyə, təkmilləşməyə meyil göstərən partiyadır. 29 ilin qısa təhlili fonunda böyük qürurla qeyd edirik ki, partiyanın həyatında yeni dövr başlayıb. Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında qeyd etdiyi kimi, YAP-ın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Adını tarixə qalib Lider, torpaqlarımızın xilaskarı, öz xalqının ən böyük arzularını reallığa çevirən Sərkərdə kimi yazan ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə doğru inamla addımlayan partiyanın bütün üzvlərini bu tarixi gün münasibətilə təbrik edir, Azərbaycanın həyatında başlanan yeni mərhələyə- işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə, Qarabağın, Zəngəzurun cənnət məkana çevrilməsinə öz töhfələrini verməyi arzulayıram.