YAP xalqın böyük etimadı ilə seçkilərdə inamlı qələbə qazanacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Anar İlyaz oğlu Məmmədovun Tərtər rayonunda şəhid ailələri, qazilər, ziyalılar və ağsaqqallarla, həmçinin, rayonun Borsunlu kəndindən olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümumilli Lider Heydər Əliyevin rayonun Mərkəzi Meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Şəhidlər Abidə Kompleksi ziyarət olunub.

Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov parlament seçkilərinin əhəmiyyətindən bəhs edib, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığından danışıb. O, YAP-ın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. 

Çıxış edən deputatlığa namizəd Anar Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında seçicilərə geniş məlumat verərək deyib ki, platformada bütün sahələrin inkişafı üzrə məqamlar əksini tapır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz möhtəşəm zəfərlərə imza atıb. YAP-ın seçkilərə böyük uğurlarla getdiyini deyən A.Məmmədov qarşıdan gələn seçkilərin ölkəmizdə demokratiyanın növbəti təntənəsi olacağını vurğulayıb.

Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal olmağa və layiq bildikləri namizədlərə səs verməyə çağırıb.

Tədbir iştirakçılarından Elçin Cahangirov, Pərvanə Xuduyeva, Mehman Babayev, şəhid valideyinləri, qazilər, ziyalılar və ağsaqqallar çıxış ediblər. Çıxış edənlər uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.