YAP xalqın partiyasıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 6 saylı Ordubad-Culfa  seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin Ordubad rayonunun Unus, Kələki və Pəzməri kəndlərində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşlərdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov Azərbaycanın keçdiyi inkişaf yolundan geniş bəhs edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü uğurlarımızın, zəfərlərimizin əsası oldu: “Düşünülmüş və gələcəyə hesablanmış siyasətin gələcəyinə inam ölkədə keçirilən seçki proseslərinin nəticələrində özünün aydın ifadəsini tapır. Qələbələr partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasına xalqın inamı, etimadı böyükdür. YAP Azərbaycanın yüksəlişində müstəsna rol oynamış, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa - Heydər Əliyev yolunun layiqli davamçısı olan cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin həyata keçirilməsinə öz töhfələrini verəcək. YAP 1 sentyabr - növbədənkənar parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” qatılaraq seçki platformasında uğurlarımızı və  yeni dövrün hədəflərini diqqətə çatdırıb.

Ehtibar İsmayılov deputatlığa namizəd Vüqar Rəhimzadə haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası çətin və şərəfli yol keçərək cəmiyyətin avanqard qüvvəsinə çevrilib: “Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışının davamı olaraq Prezident İlham Əliyev belə bir əminliyi ifadə edir ki, partiya bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. YAP-a xalqın sevgisinin, inam və etimadının göstərici bu günədək ölkəmizdə keçirilən bütün seçki proseslərində qələbə qazanmasıdır. Növbədənkənar parlament seçkilərinin təbliğat mərhələsində seçicilərlə görüşlərdə də bu inam ifadə edilir ki, seçimin ünvanı dəyişməzdir. Yeni Azərbaycan Partiyasına xidmət dövlətə, xalqa xidmət etmək deməkdir. Partiyanın sıralarında 730 mindən artıq üzvün birləşməsi də YAP-ın cəmiyyətdəki mövqeyinə aydınlıq gətirir”.

Vüqar Rəhimzadə bu inamı ifadə edib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və  Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq.

V.Rəhimzadə seçiciləri səsvermə prosesində fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.

Görüş iştirakçılarından Fərman Rəsulov, Həsən Abbasov, Hafizə Abbasova, Oruc Əliyev, Əfruz İsgəndərova və Əkbər Nağıyev YAP-ın yarandığı gündən tutduğu yola sadiqliyindən, monolitliyindən, sözlə əməl birliyindən danışıblar. Çıxış edənlər seçiciləri Azərbaycanın yeni dövrdə daha inamlı addımlarına dəstək olmaq üçün növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, Vüqar Rəhimzadə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhid baş leytenant Nihat Qasım oğlu Quluzadənin ailəsini ziyarət edib.