Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinləri qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün mart ayı üzrə  qəbul keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bir qrup sakini qurumun inzibati binasında qəbul edib. Tədbirdə həmçinin Yasamal RİH-in məsul şəxsləri, rayon bələdiyyəsinin sədri və MKTB rəisi də iştirak edib.

Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif, müraciət və şikayətləri bərədə ətraflı danışmağı xahiş etdi. Söz alan Yasamal rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra sakinlər tikinti şirkətləri ilə mülk sahibləri arasında mübahisələr, “Sovetski” adlanan ərazidə aparılan söküntü ilə əlaqədar olaraq əmlak sahiblərinə ayrılan kompensasiya məbləği, yanğın zamanı ziyan çəkmiş vətəndaşlara dəstək, rayondakı bina damlarının təmiri, qurumuş ağacların budanması, bina həyətlərinin işıqlandırılması, Yeni Yasamal yaşayış massivində məscidin tikintisi  təklifi və müxtəlif məsələləri əhatə edən sosial mövzular qaldırdılar. 

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı mübahisəli məsələlərin çevik sürətdə həlli məqsədilə elə iclas zamanı tikinti şirkətinin nümayəndələri və aidiyyatı qurum rəsmiləri ilə operativ əlaqa saxlayaq vətəndaşlarla ortaq məxrəcə gəlməyi təmin etdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.