Yasamal rayon kitabxanalarında Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası və kitabxana filialları Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbirlər keçirdilər.

Tədbirlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının 158 №-li tam orta məktəbdəki tədbirdə Xocalı qurbanlarının və günahsız insanların başına gətirilən müsibətlərdən söz açan məktəbin ibtidai sinif müəllimi Zəmləkət Zamanova qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının təşəbbüskarı olmuşdur. Tədbirdə çıxış edən Uşaq şöbəsinin müdiri Sevil Namazova Xocalı faciəsinin yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğunu qeyd etdi. 

Ə.Vahid adına 1 №-li və A.Şaiq adına 2 №-li kitabxana filiallarının T.Abbasov adına 225 №-li tam orta məktəbdə keçirdikləri tədbirlərdə Xocalı soyqırımı haqqında şagirdlərə məlumat verildi. 1 №-li kitabxana filialının müdiri Mətanət Qasımova Xocalı faciəsini əsrin qanlı faciəsi kimi yaddaşlara həkk olunmasından, Xocalı soyqırımının baş verdiyi o dəhşət dolu gecənin göylərə ucalan fəryadından, ağrı acısından, bitməyən iztirablarından danışdı. 

Q.Musabəyov adına 3 №-li kitabxana filialının və C.Cabbarlı adına 161 №-li tam orta məktəbin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən “Xocalı 33 il” adlı tədbirdə Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Allahverdi Bağırovun həyat yoldaşı Validə Bağırova, qızı Aynur Bağırova, İkinci Qarabağ müharibəsi şəhidi Mehman Qəmbərovun həyat yoldaşı Xuraman Qəmbərova, şəhidin oğlu Ceyhan Qəmbərov, İkinci Qarabağ şəhidi Elnur Rüstəmovun oğlu Elcan Rüstəmov, kitabxana filialının əməkdaşları, 161 №-li tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.

X.B.Natavan adına 4 №-li kitabxana filialında keçirilən “Xocalı qurbanları” tədbirində qeyd olundu ki, Xocalı faciəsini törətməklə ermənilər xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Hiyləgər düşmən məqsədinə çata bilmədi, xalqımız öz dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Tədbirlərdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərini işğal edərkən, dinc əhaliyə qarşı törədilən faciə haqqında ətraflı danışdılar və məktəblilərə Xocalı faciəsi haqqında həqiqətləri öyrənməyi, şəhidlərin onlara əmanət etdiyi Vətənə layiq vətəndaş olmağı tövsiyə etdilər. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər ordumuzun, qəhrəman oğullarımızın ermənilərdən Xocalı şəhidlərinin qisasını aldıqlarını, onların qanının yerdə qalmadığını xüsusi vurğuladılar.

Tədbirlərin bədii hissədə 158 və 161 №-li tam orta məktəblərin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirdilər. “Xocalı soyqırımı”, “Xocalı sən azadsan” adlı kompozisiyalar təqdim olundu. 

M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada “Xocalı faciəsi – qan yaddaşımızdır” adlı videoçarx və Xocalı faciəsinə həsr olunmuş foto və kitab sərgisi hazırlandı. Videoçarxda Xocalı faciəsi, onun qurbanları haqqında məlumat verilir, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalı faciəsi haqqında söylədiyi sözlər, Heydər Əliyev Fondunun faciə haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində gördüyü işlər və “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında məlumat verilir. Xocalı qətliamının kinomuzda, musiqidə anılması və faciə qurbanlarının xatirəsinə ucaldılmış abidələr nümayiş olunur.

Şotlandiyalı şair Graham Riçard Smit və Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair Zeynəb Cəmaləddin Xocalı faciəsinə həsr olunmuş şeirləri kitabxanaya  təqdim etdilər. Şeirlər elektron formada oxuculara aşağıdakı keçiddə təqdim olunur: 

https://drive.google.com/file/d/15A6yC7y1JODkv9Cw8-8KQkp_w3DG2An_/view

Şair Şahzadə İldırımın səsləndirdiyi Şotlandiyalı şair Graham Riçard Smitin şeiri kitabxananın YouTube kanalında yerləşdirilib:

 

Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur: https://www.youtube.com/watch?v=VyCLbA8cczo