Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) yaranmasının 20 illik yubileyinə həsr olunmuş videokonfrans formatında tədbir keçirilib. Əvvəlcə 2000-ci ildə əsası qoyulmuş və Asiya qitəsinin 52 ölkəsinin 350-dən artıq siyasi partiyasını birləşdirən İCAPP-ın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Sonra İCAPP Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının Xarici İşlər naziri Çunq Eui-yonq açılış nitqi söyləyib.
Daha sonra İCAPP Daimi Komitəsinə üzv partiyaların ölkələrinin hökumət və parlament rəhbərlərinin təbrik məktublarından sitatlar səsləndirilib. Səsləndirilən təbriklər arasında Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın İCAPP-a ünvanladığı məktub da yer alıb.
Tədbirdə, həmçinin, Daimi Komitə üzvlərinin İCAPP-a ünvanladıqları videoçarx formatında təbrik mesajları da nümayiş olunub. Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədovun təbrik çıxışı da təqdim edilib.
Yubiley tədbirində Latın Amerikası və Karib Hövzəsi Siyasi Partiyaları Daimi Komfransı prezidentinin, Afrika Siyasi Partiyaları Konfransı baş katibinin və Avropa Parlamenti nümayəndəsinin təbrik çıxışlarına da yer verilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov tədbirdə iştirak edib.