Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu artıq hamı tərəfindən etiraf olunan və sübuta ehtiyacı olmayan aksiomadır, daha doğrusu ölkəmizin keçdiyi inkişaf yolu və bu günkü qüdrəti özü bu fikri təsdiq edir. YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP artıq ölkəmizin deyil, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bu uğurun ölməz banisi isə Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndər düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, və əbədi etdi, gələcək inkişafın strateji hədəflərini müəyyənləşdirdi və Azərbaycan daim inkişaf yolu ilə əzmlə irəlilədi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP isə Azərbaycanın gələcək inkişaf yoluna sözün əsl mənasında işıq saçan və yol göstərən çıraq rolunu oynamışdır. Çünki elə partiyamız yaranan andan onun əsas məqsədi Azərbaycanı güclü dövlətə çevirmək idi. YAP-ın yarandığı tarixdən ötən 30 ilin hər bir uğurlu səhifəsi isə Ulu Öndərin və onun layiqli davaçmısı Prezident İlham Əliyevin mənalı və şərəfli ömür yolu ilə ayrılmaz vəhdət təşkil edir.
Ölkəmizin müstəqilliyinin ilk illəri çox yaxşı yadımızdadır və yəqin ki, həmin xaos və siyasi hərci-mərclik ürəyi vətən sevgisi ilə döyünən istənilən azərbaycanlının yaddaşından heç vaxt silinməyəcək. Ərazi bütövlüyümüz pozulmuşdu, ölkə iqtisadi cəhətdən olduqca ağır vəziyyətdə idi, hərbi müxalifət baş qaldırmışdı, AXC-Müsavat iqtidarının səriştəsizliyi, ölkədə hökm sürən özbaşınalıq, siyasi hərc-mərclik bizi yenicə bərpa etdiyimiz müstəqilliyin yenidən itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün bu xaosa, ölkəni tənəzzülə aparan hərc-mərcliyə son qoyuldu, Azərbaycan sözün əsl mənasında müstəqil dövlətə çevrildi. Həmin andan bu günə kimi - Şanlı Zəfərlə tarixi ədaləti və ərazi müstəqilliyimizi bərpa etdiyimiz son dövrə kimi Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var.
Ölkəmizin ictimai-siyasi həyatında oynadığı rolu nəzərə alsaq aydındır ki, yarandığı gündən bəri YAP-ın hər bir qurultayı Azərbaycanın siyasi həyatında mühüm hadisə olub. Bu mənada 5 mart 2021-ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının VII Qurultayının rolu xüsusi qeyd edilməlidir. VII Qurultayda partiyamızın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilmiş və ən əsası YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnamənin təsdiq edilməsi yol xəritəsi kimi partiyamızın gələcək fəaliyyətinin istiqamətlərini dəqiqləşdirməkdə olduqca vacib idi. Əvvəlki Nizamnamənin qəbul edilməsindən keçən müddət ərzində dünyada və ölkəmizdə baş verən dəyişiklikləri nəzərə alsaq, qazandığımız uğurlar, yaratdığımız yeni reallıqlar, müasir dövrün yeni çağırışları Partiyanın yeni Nizamnaməsinin qəbul edilməsini şərtləndirirdi.
Ölkəmizin gələcək siyasi sistemi üçün, daha da ümumiləşdirsək, istənilən ölkədə siyasi sisteminin təkmilləşməsi və demokratiyanın möhkəmlənməsi üçün dialoq önəmli amildir. Yeni Azərbaycan Partiyası da həm iqtidar partiyası kimi, həm ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi, həm də ən çox üzvə sahib siyasi qüvvə kimi ölkədə həmrəylik mühitinin bərqərar olunmasına və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına hər zaman böyük töhfə verib. VII Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması barədə müraciətlərinin müsbət həllini tapması ölkədə hökm sürən bu dialoq mühitinin nəticəsi idi. Yeni Azərbaycan Partiyası həm də iqtidar partiyası kimi, iqtidar-müxalifət dialoqunun hüquq bərabərliyi şəraitində səmərəli qurulmasına xidmət edir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. 2022-ci il iyunun 15-də Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilmiş beynəlxalq konfransda, o cümlədən ölkədə fəaliyyət göstərən 34 siyasi partiyanın rəhbərləri iştirak etmişdir.
VII Qurultayda təsdiqini tapan mühüm məsələlərdən biri də bu olmuşdur ki, partiyamız hər zaman siyasi varislik prinsipinə sadiqdir. YAP-ın qocaman üzvlərinin siyasi təcrübəsi partiyamızın sıralarına qoşulan gənc nəslin fəaliyyəti üçün əvəzedilməz nümunə kimi istifadə olunur. Siyasi təcrübə ilə gənc nəslin fəaliyyətinin vəhdəti varislik prinsipini qorumaqla yanaşı, həm də partiyamızın fəaliyyətinin səmərəliliyini artırır. Varislik prinsipinin əsas məqsədi də elə məhz budur.
Partiyamızın beynəlxalq əlaqələri də həmişə yüksək səviyyədə olub. YAP-ın beynəlxalq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin uğurla həyata keçirilməsinə böyük töhfə verir. Partiyamız dünya ölkələrinin müxtəlif siyasi partiyalarının iştirak etdiyi təşkilat və konfranslarda hər zaman fəallığı ilə fərqlənib. Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq və dostluğu isə xüsusi qeyd etməliyik. 2021-ci il iyunun 2-də YAP və AKP arasında arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması əlaqələrimizi daha da möhkəmləndirib.
YAP-ın VII qurultayı ümumilikdə cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklər fonunda keçirilmişdir. Şübhəsiz ki, bu qurultaya qədərki dövrün ən böyük hadisəsi isə torpaqlarımızın işğaldan azad olunması idi. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyev də VII qurultayda giriş nitqinə məhz Vətən müharibəsində qazanılan Zəfər barədə fikir bildirməklə başlamışdı. Əminliklə iddia edə bilərik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəmətli Azərbaycan Ordusunun torpaqlarımızı düşmən işğalından azad etməsindən sonra Ulu Öndərin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsədlərdən hamısı həyata keçirilmiş oldu. Çünki YAP yaradılarkən əsas məqsəd və vəzifə müstəqil, suverən, ərazi bütövlüyü bərpa edilmiş, hüquqi-demokratik, müstəqil xarici siyasət yeritmək qüdrəti olan, güclü iqtisadiyyata, möhkəm ictimai-siyasi sabitliyə, milli şüura, milli maraqların qorunmasına xidmət edən siyasi-ideologiyaya malik qüdrətli Azərbaycan yaratmaq idi. Bu gün hər birimiz fəxr edirik ki, məhz belə qüdrətli ölkənin vətəndaşlarıyıq!.
Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov