2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Sumqayıt Tarix Muzeyində şəhərin fəal gəncləri, idmançıları və ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının əməkdaşı Elvin Əlizadə bildirib ki, siyasi partiyaların seçki kampaniyasının uğurunu təmin edən amillərin içərisində düzgün namizədlərin müəyyənləşdirilməsi vacib rol oynayır. Məhz bu baxımdan YAP-ın namizədlərin müəyyənləşdirilməsi nöqteyi-nəzərindən təcrübəli siyasi təşkilat hesab etmək olar.
Çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib.
M.Vəliyeva vurğulayıb ki, güclü Lideri, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində YAP sıralarında 730 mindən çox üzvü birləşdirən əsl ümumxalq partiyasına çevrilib. O, çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin Prezident təqaüdçüsü Ofelya Babayeva, Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov, Vətən müharibəsi qazisi Pərvin Abdullayev, Sumqayıtın gənc fəalı Həsən Xıdırov, əməkdar idman ustası Rafael Məmmədov və digərləri çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə qazanacağı indidən heç kimdə şübhə doğurmur.
Öz növbəsində çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün Mehriban Vəliyeva Vətən müharibəsi zamanı şəhidi Nurlan Nuruzadənin ailəsini ziyarət edib.