Yeni Azərbaycanla yeni qələbələrə doğru!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hicran Hüseynovanın Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin zalında 16, 30 və 45-ci məhəllə seçiciləri ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. C.Məmiyev YAP-ın bütün seçkilərdə əldə etdiyi tarixi qələbələrdən bəhs edərək, partiyanın bu dəfə də qalib gələcəyinə dərin inamını ifadə edib. O, Hicran Hüseynovanın Azərbaycan dövlətinin və xalqının mənafeyinə sadiqliyini vurğulayıb.

Daha sonra görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Sahib Şamilov, Sevindik Hüseynov və Təranə Rəcəbli YAP-ın ölkəmizə qazandırdığı nailiyyətlərdən bəhs edərək, seçiciləri partiyanın namizədinə dəstək verməyə çağırıblar. Onlar, YAP-ın hər zaman xalqın mənafeyini qoruyan, güclü dövlət quruculuğu yolunda çalışan bir siyasi qüvvə olduğunu vurğulayıblar.

Deputatlığa namizəd Hicran Hüseynova əvvəlcə öz çıxışında YAP-ın seçki platformasını geniş izah edib. O, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin liderliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb. H.Hüseynova qeyd edib ki, cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ərazi bütövlüyünü bərpa edərək milli gücünü artırıb. O, həmçinin, şəhid ailələrinin və qazilərin sosial müdafiəsi ilə bağlı dövlətin həyata keçirdiyi tədbirləri xüsusi vurğulayıb. Bu sahədə görülən işlərin cəmiyyətin ən vacib prioritetlərindən olduğunu və Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğını yüksək qiymətləndirib.

O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb, seçiləcəyi təqdirdə xalqın inamını və etimadını doğrultmaq üçün əlindən gələni edəcəyinə söz verib.

Seçicilər də çıxışlarında YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər, partiyanın xalq üçün etdiklərini yüksək qiymətləndiriblər.

Görüşdən sonra, Hicran Hüseynova, Birinci Qarabağ müharibəsinin qəhrəman şəhidi İlham İnqilab oğlu Bayramovun ailəsini və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının baş məsləhətçisi olmuş mərhum Nəbi Vəzirxan oğlu Ənsərovun ailəsini ziyarət edib. Bu ziyarətlər zamanı şəhidlərin və ictimai xadimlərin əziz xatirələri yad edilib, onların ölkəmizin inkişafına verdikləri töhfələr bir daha xatırlanıb.