“Dövlət başçısı İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi mühüm çağırışlarla diqqətdədir. “Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır” söyləyən cənab İlham Əliyev bildirdi ki, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik.
Müasir tariximizin yeni dövrü ötən il sentyabrın 20-dən sonra başlanan mərhələdir. Azərbaycan həmin tarixə qədər məqsədyönlü addımlar ataraq suverenliyimizin tam təmin olunmasına sülh yolu ilə nail olmağa səy göstərdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirilməsi istiqamətində səylərini artırmaqla bərabər, regionda dayanıqlı sülhə, təhlükəsizliyə nail olmaq, Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün qarşı tərəfə sülh təklifini etdi. Ermənistan yenə də havadarlarının dəstəyinə arxalanaraq sözügedən Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmək barədə düşünmədi, hərbi təxribatları ilə diqqətdə oldu. Vəziyyətin getdikcə gərginləşməsi dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Sentyabrın 19-da başlanan bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Son 20 ilin uğurlarından bəhs edərkən tarixi Zəfərimiz, onun ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi çoxəsrlik tariximizin ən yaddaqalan hadisələri kimi qeyd edilir. Dövlət başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə etdi: “Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov vurğulayıb ki, cənab İlham Əliyev müsahibədə 2024-cü ilin mühüm hadisəsi olan növbədənkənar prezident seçkilərindən də bəhs etdi. Yeni dövrün çağırışları bu mühüm addımı qaçılmaz edir: “Artıq bütün vədlər, qarşıda dayanan vəzifələr uğurla icra edilib. Suverenliyimiz tam təmin olunub. Seçkilərin bütün ölkə ərazisi üzrə keçirilməsi yeni dövrün qürurverici məqamlarından olacaq. Cari ildə bələdiyyə seçkilərinin keçiriləcəyini önə çəkən dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır. Cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ilinin tamam olması da növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillər sırasında qeyd edilir. Ümumilikdə yeni dövr yeni çağırışlarla zəngin dövr kimi xarakterizə edilir.”
Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın uğurlarından bəhs edərkən bu mühüm məqamı xüsusi vurğuladı ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır: “İstənilən auditoriyada, tədbirdə haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız vardır. Azərbaycan hər addımında ədalətə və beynəlxalq hüquqa söykənir. İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycana qarşı nə qədər əsassız təbliğatlar aparılsa da həqiqətlərimizin qarşısında bu cəhdlərin heç bir mahiyyət kəsb etmədiyi təsdiqləndi və bu gün də mümkünsüzdür. Azərbaycanın tarixi Zəfərində, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsində beynəlxalq hüquq və ədalət əhəmiyyətli rol oynadı. Bu gün də tarixi ədalətə söykənərək yeni hədəflərə doğru inamla addımlayırıq. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Müstəqillik ideyalarımızı rəhbər tutmağımızda da haqlı idik. Çünki biz müstəqil ölkəyik. Əgər biz müstəqil ölkəyiksə, nə üçün kiminsə sözü ilə oturub-durmalıyıq? Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, səhv edir, yenə haqsız odur.”
Malik Həsənov bildirib ki, bu gün Azərbaycana beynəlxalq dəstək yüksək səviyyədədir: “2023-cü ildə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar qəbul edilmişdir. Dövlət başçısı İlham Əliyev müsahibədə bunu əsaslı şəkildə qeyd etdi. Dəqiq və düşünülmüş diplomatik addımların nəticəsində Azərbaycanda keçiriləcək COP29 qonaqların sayına görə ən böyük tədbirdir. Bu fakt ölkəmizin imkanlarının növbəti nümayişidir. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Azərbaycan artıq bir neçə ölkədən əməkdaşlıq təklifi alıb.”
Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf, tərəqqi yolu uğurla davam edir, daim ölkəmizə möhtəşəm qələbələr qazandırır. Bu baxımdan cənab İlham Əliyev bildirdi ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. “Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq” söyləyən dövlətimizin başçısı böyük qürur hissi ilə qeyd etdi ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır.