Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına geniş müsahibəsi xeyli müddətdir ki, həm ölkə, həm də xarici mətbuatda, siyasi dairələrdə müzakirə olunur. Müsahibədə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri, yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin qayıdışına dair ictimaiyyətə ətraflı məlumatlar verildi. Üç saata yaxın davam edən və çoxsahəli istiqamətlər üzrə sualların cavablandırıldığı müsahibədə cənab Prezident media vasitəsilə xaqla açıq çağırışlar etdi, problemlər və uğurlardan danışdı. Bir çox məsələlərə aydınlığın gətirildiyi müsahibəni Prezidentin xalqla dialoqunun unikal forması da hesab etmək olar. Çünki dövlət başçısının yerli televiziya kanallarına bu qədər geniş müsahibəsi və demək olar ki, bütün fundamental məsələlərə aydınlıq gətirməsi onun mediaya tam açıq olmasından xəbər verir. Prezident İlham Əliyevin hər Yeni ilin ilk ayında yerli televiziya kanallarına müsahibə verməsi dünya miqyasında vacib ənənənin, müsbət tendensiyanın bir nümunəsidir. Bu müsahibələrdə ötən ildə görülən işlər, qazanılan uğurlar və üzə çıxan problemlər geniş təhlil olunur, növbəti il üçün hədəflər və onlara nail olmaq üçün mexanizmlər açıqlanır. Dünyada heç də bütün prezidentlər, siyasi liderlər mətbuata və xalqa bu qədər açıq olmur. Hər bir ölkə prezidentinin fəaliyyətində media ilə işləmək, ən çətin suallara belə cavab vermək bacarığı xüsusi rol oynayır. Dünya miqyasında mətbuatla dost münasibətdə olan prezidentlər barmaqla sayılacaq qədər azdır. Əksər siyasi liderlər formal müsahibələrə üstünlük verir və xoşlamadıqları suallarla qarşılaşmaq istəmirlər. Azərbaycan Prezidenti isə təkcə ölkə daxilində deyil, hətta xarici ölkələrdə səfərlərdə olarkən mətbuatla açıq münasibətlər qurur, bütün suallara cavab verir. Hətta cənab İlham Əliyev jurnalistlərin cəsarət edib dilə gətirə bilmədiyi, amma xalq və beynəlxalq ictimaiyyət üçün vacib olan, aktual əhəmiyyət kəsb edən məsələlərə də aydınlıq gətirir.
Hələ Vətən müharibəsi zamanı da xalqla birbaşa dialoq aparan ölkə başçısı beynəlxalq media nümayəndələrinə müsahibələr verirdi. Onun Azərbaycana qarşı qərəzli münasibətdə olan beynəlxalq media orqanlarının nümayəndələrinin suallarını cavablandırması ölkəmizə qarşı “demokratiya silahı” ilə hücum edənlərin əl-qollarını bağladı. 44 günlük müharibə zamanı cənab Əliyev 30-dan artıq xarici mətbuata müsahibə verdi.
Cənab Prezident müsahibəsində həm ötən dövr ərzində Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, Azərbaycan-Ermənistan arasında aparılmış danışıqların konturları barədə ictimaiyyətə geniş bilgi verdi. Qarşıdakı müddətdə atılacaq addımların istiqamətləri də aydın oldu. Müsahibədə bu günə qədər ictimaiyyətə bəlli olmayan bir sıra məlumatlar açıqlandı. 44 günlük Vətən müharibəsində ermənipərəst xarici ölkə rəhbərlərinin Azərbaycandan tələbləri və onlara verilən tutarlı cavablar, Ermənistanla sərhədlərin hansı illərin xəritəsi və hansı kriteriyalar əsasında müəyyənləşdirilməsinə dair Bakının mövqeyi, Qarabağ və Şərqi Zəngəzurda yaşamaq istəyən digər rayonların vətəndaşlarının, orada iş qurmaq istəyən sahibkarlar üçün yaradılmış açıq qapı siyasəti ilə ilk dəfə olaraq Cənab prezidentin müsahibəsi vasitəsilə tanış ola bildik. Prezidentin 2024-cü ildə daha 5 şəhərə (Şuşa, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl) keçmiş məcburi köçkünlərin qayıdacağı müjdəsinin verməsi və azad olunmuş ərazilərə bu qayıdışının yüksək səviyyədə təmini üçün aparılan tikinti və bərpa işləri, infrastruktur layihələri barədə bir çox məlumatlarla bölüşməsi Prezident və xalq arasında media vasitəsilə əlaqələrin nə qədər faydalı olduğunu göstərdi. Dövlət başçısının “Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır” fikri yeni milli ideoloji hədəflərin müəyyənləşdirilməsini diktə edir. Artıq Azərbaycanın həyatında yeni siyasi, milli ideoloji dövr başlayıb. Biz yeni dövr üçün yeni hədəflər müəyyənləşdirməli və bütün gücümüzü də həmin istiqamətə yönəltməliyik.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı