Yeni dövrün parlamenti dövlətçilik prinsiplərini, milli maraqları rəhbər tutaraq qarşıda duran vəzifələrin icrasında daha fəal olacaq  

Cari ilin 23 sentyabr tarixində suveren Azərbaycanın yeni Parlamentinin keçirilən ilk iclası zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək, ölkə qarşısında duran vəzifələri xüsusi vurğuladı, bir sıra iqtisadi, sosial, siyasi aspektlərə toxunmaqla, eyni zamanda Milli Məclis üçün də yeni yol xəritəsini təqdim etdi.

Ölkə başçısı cənab İlham Əliyev VII çağırış Milli Məclisdəki məzmunlu çıxışında çox vacib məqamlara toxunaraq qeyd etmişdir: “Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir”.

Ölkə başçısı ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildikdən sonra ölkəmizin qarşısında yeni imkanlar açıldığını vurğulayaraq, yeni dövrdə də bizim üçün vacib olan əsas hədəflərdən biri milli təhlükəsizliyin təmin edilməsi olduğunu diqqətə çatdırmışdır. Sözsüz ki, bu, Ermənistanda revanşist qüvvələrin baş qaldırması, onun əcnəbi havadarlarının qızışdırıcı bəyanatları ilə bağlıdır. Təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşadığını və onların İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini bildirən Ölkə rəhbəri qeyd etmişdir: “Vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar”.

Göründüyü kimi, Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar bütün bunlar bir daha onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib.

Bütün bunlara baxmayaraq, dövlət başçısı cənab İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycanın şərtləri yerində qalır. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır. Ermənistan anlamalıdır ki, regionda və öz dövlətində sülh, əmin-amanlıq istəyirsə, bunlara əməl etməldidir. Ölkə başçısının “Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər” sözləri Azərbaycan dövlətinin, xalqımızın qarşıda duran vəzifələrə nail olunmasında bir addım belə geri çəkilməyəcəyini bir daha ortaya qoydu.

Bir sözlə, Ölkəmizə qarşı ideoloji təxribatların davam etdiyi bir vaxtda bizə qarşı aparılan çirkin oyunların ifşası bundan sonra da davam etməlidir. Bu məsələdə hər kəs öz sahəsində əlindən gələni əsirgəməməlidir. Çünki müharibə başa çatsa da informasiya cəbhəsində mübarizə heç vaxt bitmir. Bu mənada ideoloji təxribatları neytrallaşdırmaq əsas vəzifələrdən biridir. Əminliklə söyləmək olar ki, yeni dövrün parlamenti dövlətçilik prinsiplərini, milli maraqları rəhbər tutaraq qarşıda duran vəzifələrin icrasında daha fəal olacaq və nümunə sərgiləyəcək.

Arzu DAŞDƏMİROV,

ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, Əməkdar müəllim