2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimovanın seçicilərlə görüşü keçirilib.
Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi Elvin Əlizadə YAP-ın seçki platforması haqqında məlumat verib.
Çıxış edən deputatlığa namizəd Elnarə Akimova ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb. Qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi siyasət Azərbaycana çox böyük uğurlar qazandırıb. O, xalqın etimadını qazanmış Yeni Azərbaycan Partiyasının bundan sonra da ölkəmizin inkişafına mühüm töhfələr vermək əzmində olduğunu vurğulayıb. “Yeni hədəflərə yalnız qalib Liderimizin siyasəti sayəsində nail ola bilərik”, - deyə bildirilib.
Tədbirdə namizədin vəkillərin Aftandil Məmmədov, Elmar Xəlilov, Nasir Rzayev, Nəsrulla Məmmədov və Nigar Vəliyeva çıxış edərək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.
Seçicilər də YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd şəhər ərazisində də görüşlər keçirib. Şəhidlər Alməmmədov Təbriz Letman oğlu, Allahverdiyev Kənan Mərdan oğlu və Vəliyev Əli Kamran oğlunun ailələri ziyarət olunub.