Yeni mərhələnin başlanğıcı

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə

- Pərvin xanım, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman elmi ictimaiyyət tərəfindən təqdirlə qarşılandı. Belə bir addımın atılması hansı zərurətdən irəli gəldi?

- Elm və təhsil sahəsində görülən işlər bu gün ölkəmizin daha da inkişafına, tərəqqisinə xidmət edir. Prezident İlham Əliyev tərəfindən imzanan fərman və sərəncamlar, həyata keçirilmiş məqsədyönlü tədbirlər ölkəmizdə elmi fəaliyyətin düzgün təşkilinə və istiqamətləndirilməsinə, dünya təcrübəsi ilə uğurla əlaqələndirilməsinə geniş imkanlar açıb.

Bu günlərdə dövlət başçımızın imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman ölkəmizdə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsinə, qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinə təkan verəcək. Müasir dövrümüzün reallıqlarından və yeni çağırışlardan irəli gələn bu Fərman elm və təhsilin idarə olunmasında mühüm rol oynayacaq və bu sahədə yeni çağırışlara cavab verən islahatlara zəmin yaradacaq. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.

Ölkə rəhbərinin Fərmanından irəli gələn vəzifələrin icrası  elm və təhsilin vahid platformada inkişafını təmin etməklə yanaşı, cəmiyyətin hərtərəfli harmonik inkişafında müstəsna rol oynayacaq. Elmin idarə edilməsinin optimallaşdırılması dövrümüzün tələbidir. Aparılan struktur dəyişiklikləri yaxın gələcəkdə müsbət nəticələrini göstərəcək. Prezidentin bu Fərmanı Azərbaycanda elm və təhsilin inteqrasiyasına, tərəqqisinə, intellektual potensialın artırılmasına və insan kapitalının inkişafına güclü təkan verəcək. Bu, son illər ölkəmizdə elmin və təhsilin inteqrasiyası istiqamətində atılmış ən mühüm, islahatyönümlü addımlardan biri olmaqla yanaşı, ölkəmizdə elmin dünya təcrübəsinə əsaslanaraq maliyyələşdirilməsi, elmlə məşğul olan şəxslərin əməyinin yüksək səviyyədə qiymətləndirilməsi üçün yeni imkanlar yaradacaq. 

- Elmin və təhsilin inteqrasiyası, Elm və Təhsil Nazirliyinin mövcud çağırışlara və reallıqlara uyğun fəaliyyəti hansı yeniliklərə yol açacaq?

- Fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri yer alıb. Ölkəmizin elm və təhsil ictimaiyyəti qarşısında yeni, olduqca mühüm vəzifələr müəyyənləşdirən sənəd elm və təhsilin dövlətin sosial-iqtisadi inkişafında daha yaxından iştirakının təmin edilməsində mühüm rol oynayacaq. Eyni zamanda, ölkəmizin akademik, elmi qurumları, alimləri fəaliyyətləri ilə müasir cəmiyyət quruculuğunun inkişafına töhfələrini verəcəklər.

Elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsinə xidmət edən ölkə Prezidentinin Fərmanına əsasən Elm və Təhsil Nazirliyi elm sahəsində dövlət siyasətini, tənzimləməni həyata keçirəcək. Yeni islahatlar, Nazirliyin yanında Elm və Ali Təhsil üzrə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentlikləri elmi tədqiqatların aparılmasında, tədrisin keyfiyyətinin yüksəldilməsində, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsində öz sözünü deyəcək, Azərbaycan elminin ölkəmizin sürətli inkişaf ilə eyni səviyyədə addımlamasına, yeni reallıqların formalaşdırılmasına şərait yaradacaq. İmzalanan Fərman Azərbaycanda elm və təhsilin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq. Ümumiyyətlə, Fərmandan irəli gələn vəzifələrin uğurlu icrası fonunda elmin və təhsilin inkişafının qarşısında geniş imkanlar açılacaq. Ən əsası, elm və təhsilin vəhdətinin yaradılması ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək.

- Yeri gəlmişkən, idarəetmənin təkmilləşdirilməsi ölkəmizin dayanıqlı inkişafına necə təsir göstərəcək?

- Sözsüz ki, dayanıqlı inkişafın təmin edilməsi təkmil islahatların həyata keçirilməsini, idarəetmə sistemində yenilikləri əsas tələb kimi qarşıya qoyur. Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması hərtərəfli inkişafın əsas amillərdən birinə çevrilib. Müstəqil dövlətimizin hər bir bölgəsi, kənd və qəsəbəsi öz simasını dəyişərək, inkişaf edir. Bölgələrimiz arasında gedən sağlam rəqabət bu inkişafı daha da sürətləndirir. Bu gün fəxrlə qeyd etdiyimiz reallıqlarımızdan biri də budur ki, nəinki paytaxt, hətta bölgələrimiz öz sosial-iqtisadi inkişafı ilə dünyanın diqqət mərkəzindədir Məhz kompleks tədbirlər, islahatlar hər bir Azərbaycan vətəndaşında uğurlu gələcəyə daha böyük inam formalaşdırıb.

Ölkəmizdə yeni reallığın yarandığı hazırkı şəraitdə bütün sahələrlə yanaşı, elmi potensialın inkişafı vacib, strateji əhəmiyyət daşıyır. Sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilən Azərbaycan ən islahatçı, demokratiya təcrübəsi nümunə olan, güclü dövlət kimi tanınır. Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində həyata keçirilən islahatlar kursu gələcək dayanıqlı inkişafı təmin edəcək hədəflərə nail olmaq üçün yol xəritəsidir.