Yeni qanun layihəsi Azərbaycanda azad sözə, azad mətbuata verilən yüksək dəyərin nümunəsidir

Aslanov Səmədağa Seyidaslan oğlu,
Səbail Bələdiyyəsi sədrinin müavini


Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuatımız tarix boyu maariflənmədə, milli düşüncənin formalaşmasında mühüm rol oynamışdır. Ötən əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak etmiş, dövlət müstəqilliyini bərpa etdikdən sonra isə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçmişdir. Ümumilli lider Heydər Əliyevin Fərmanı əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi isə milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna bu günə kimi 79 dəfə dəyişiklik edilib və müasir çağırışlarla uzlaşmır.

Ulu öndər Heydər Əliyevin mətbuat sahəsində yaratdığı ənənələri daha da möhkəmləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başlanmışdır. Bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.

Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığınverilməsimilli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.
Təcrübə onu göstərir ki, dünyanın inkişaf etmiş ölkələrində medianın vahid reyestri var və ölkədə olan bütün KİV-lər haqqında ümumiləşmiş bir məlumat bazası olur. Sevindirici haldır ki, bu gün ölkəmizdə də bu cür qanun layihəsi hazırlanıb, həm də onun mexanizminin yaradılması istiqamətində işlər aparılır. Mahiyyəti budur ki, ölkədə olan bütün KİV qurumları haqda vahid məlumat bazası toplanacaq. Hazırda bizdə belə baza yoxdur, hətta pərakəndəlik var. Vahid reyestrin yaradılması media ilə bağlı bir çox layihələrin həyata keçirilməsinə kömək edəcəkdir.

Yeni qanun layihəsinin mühüm xüsusiyyətlərindən biri media subyektlərinin dəqiq təsnifatını verməsi, eyni zamanda, jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış etməsidir. Eyni zamanda, “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcəkdir. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsi təmin olunacaqdır.
Qanunda yer alan digər məqam isə internet televiziyalarının lisenziya almaları barəsindədir. Belə ki, internet televeziyalarının lisenziya almaq üçün müraciət etmələri məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyaları öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Bu da bir daha Azərbaycanda azad sözə, azad mətbuata verilən yüksək dəyərin bariz nümunəsidir.

Çap mediasının zəifləməsi bir tərəfdən qlobal tendensiyadırsa, digər tərəfdən də redaksiyaların müasir çağırışlara çox gec uyğunlaşması və ya bəzən, ümumiyyətlə, reaksiya verməməsi kimi spesifik səciyyə daşıyan nüanslarla bağlıdır. Məhz bu səbəblər qəzetlərin geniş oxucu auditoriyasını itirməsi ilə nəticələnir. Eyni zamanda, qəzetlər üçün nəşriyyat xərcləri və mətbəələrin əksəriyyətinin texniki imkanları ilə bağlı vəziyyət arzuolunan hesab edilə bilməz. Bu baxımdan Agentlik tərəfindən yeni yaradılacaq “E-qəzet” platforması qəzet redaksiyalarına texniki yönümlü xərclərini azaltmağa və nəşrlərini oxuculara daha əlverişli və operativ şəkildə çatdırmağa şərait yaradacaqdır.

Aparılan bütün islahatlar, o cümlədən media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir. Qanunda nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanın təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır.