Sumqayıt seçiciləri İlham Əliyevə səs verəcəklər
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Sumqayıt şəhəri Kimyaçı Mədəniyyət Sarayında seçicilərlə ilk görüş keçirilib.
Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Milli Məclisin deputatı Müşviq Məmmədli çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini təmin etdiyi, bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsinin hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərildiyi vurğulanıb. Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bütün sahələrdə nailiyyətlər əldə edildiyini bildirən natiqlər 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Qələbənin memarının da məhz cənab İlham Əliyev olduğu vurğulanıb.
Qeyd olunub ki, prezident seçkilərini şərtləndirən mühüm amillərdən biri məhz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsidir. Qürurvericidir ki, müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətinin nəticəsidir.
Bildirilib ki, 7 fevral prezident seçkilərində müstəqilliyimizin, davamlı inkişafımızın təminatçısı olan cənab İlham Əliyevə səs verməklə bir daha birliyimiz, həmrəyliyimiz fonunda növbəti dövrün hədəflərinin gerçəkləşməsinə dəstək olacağıq.
Görüş zamanı çıxış edən seçicilər Azərbaycanın gələcəyinə, ölkəmizin daha da çiçəklənməsinə və güclənməsinə - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.