Tarixinin ən qüdrətli Azərbaycanı növbəti mühüm seçim qarşısındadır. 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında prezident seçkiləri keçiriləcək. Budəfəki seçkilər bir sıra özəlliklərinə görə diqqət çəkir. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş müstəqil Azərbaycanın müasir dövlətçilik tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Yəni bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu, həm də Zəfər seçkiləri kimi Azərbaycanın siyasi tarixinə ən şanlı səhifə olaraq yazılacaq. 30 ildən sonra doğma torpaqlarına qayıtmış keçmiş məcburi köçkün soydaşlarımız öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəklər.
Beləliklə, Azərbaycan xalqı 2024-cü ilin 7 fevral seçkilərinə tariximizin ən möhtəşəm Zəfərinin yaratdığı reallıqlar fonunda ortaya çıxan siyasi, iqtisadi, hüquqi, ən əsası, qlobal zərurətlər kontekstində gedir. Prezident seçkiləri qalib Azərbaycanın tarixində yeni dönəmin başlanğıcı olacaq, iqtisadiyyatımızın, eləcə də regional geosiyasi və geoiqtisadi mövqeyimizin daha da gücləndirilməsi baxımından mükəmməl fürsət yaranacaq. Zəfər seçkiləri məhz bu mühüm proseslərin reallaşdırılması istiqamətində atılacaq addımlara, yeni dövrə xeyir-dua verəcək.
İstənilən seçki demokratik cəmiyyət üçün mühüm siyasi hadisə hesab edilir. Bu baxımdan, qarşıdan gələn prezident seçkilərinin istər Azərbaycan cəmiyyəti, istər beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilməsi təbiidir. Əsas odur ki, respublikamızda statusundan və məzmunundan asılı olmayaraq, hər bir seçkinin ədalətli və şəffaf keçirilməsi üçün olduqca böyük təcrübə, siyasi iradə və demokratik ənənələr var. İndiyədək keçirilən əvvəlki prezident seçkiləri ölkəmizdəki demokratiyanın güzgüsü rolunu oynayıb. Çünki ölkəmizin seçki təcrübəsin də kifayət qədər təcrübə və zəngin ənənə mövcuddur. Xalqımız isə demokratik mühitdə keçirilən bütün seçkilərdə mütəşəkkillik nümayiş etdirərək layiq olan namizədə səs verir.
Xalqımız fevralın 7-də seçkilər vasitəsilə xoşbəxt gələcəyini, dövlətinin etibarlı idarəçisini müəyyənləşdirəcəyinə, güvəndiyi namizədə etimad göstərəcəyinə şübhə yoxdur. Heç kəsə sirr deyildir ki, bu seçkinin (və bundan sonrakı seçkilərin də!) mütləq favoriti və qalibi təkcə bölgədəki proseslərin deyil, tarixin gedişini dəyişmiş və möhtəşəm qələbəsi ilə yeni tarix yazmış Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!
Prezidentliyə başladığı ilk gündən cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək qarşıya qoyulmuş qlobal və lokal əhəmiyyətli məsələlərin həlli üçün bütün siyasi gücündən istifadə edib. Məhz Ulu Öndər Heydər Əliyev dühası və onun varisi Prezident İlham Əliyevin idarəetmə bacarığı sayəsində Azərbaycan bütün təhdidlərə rəğmən, hazırda dünyanın ən islahatçı, sabit inkişaf edən və real müstəqilliyi olan ölkələrindən biridir.
Qalib Liderin qəbul etdiyi milli inkişaf strategiyası nəticəsində ölkəmiz bu gün yüksək inkişaf dövrünü yaşayır. Xarici və daxili siyasətdə əldə edilən uğurlar bu strategiyanın nə qədər düzgün və dəqiq planlaşdırıldığından xəbər verir. Aparılan daxili siyasət, vətəndaşların yüksək rifaha çatdırılması milli inkişaf strategiyasının əsas məqsədlərindən biri olub. Cənab İlham Əliyev rəhbərlik etdiyi müddətdə hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə deyib və eyni zamanda, bunu əməli fəaliyyətində də ortaya qoyub. Dünya iqtisadiyyatının böhran vəziyyətində belə ölkəmizə təsirlərin minimuma endirilməsi məhz bu strategiyanın effektivliyindən xəbər verir.
Azərbaycanı inkişaf yoluna çıxaran cənab İlham Əliyev özünün uzaqgörən, qətiyyətli və müdrik siyasəti ilə həm də xalqımızın tarixi arzusunu reallaşdıraraq, torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldu. Ali Baş Komandan İlham Əliyev tariximizdə bir çox ilklərin müəllifi kimi, bu savaşda da yeni texnologiyaları tətbiq edərək müasir hərb dərsliklərinə düşəcək bir ilkə imza atdı. Xalqımızın Zəfəri ilə başa çatan Vətən savaşının yaratdığı əsas reallıqlardan biri Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin başlanmasıdır. Bu mərhələdə qarşıya qoyulan prioritetlər bəllidir və Prezident İlham Əliyevin də elan etdiyi kimi, indi dövlətimizin milli ideyası işğaldan azad olunmuş ərazilərin bərpası, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Hazırda bütün dünya cənab İlham Əliyevin möhtəşəm quruculuq əzmi sayəsində Qarabağ və Şərqi Zəngəzurda keçirilən yenidənqurma işlərinə şahidlik edir.
Bəli, bu gün dönüb tarixə nəzər salanda cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə keçilən yüksəliş yolunun nə qədər möhtəşəm, nə qədər qürurverici olduğunu görürük. Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə dünənin və bu günün deyil, həm də gələcəyin lideridir. 2024-cü ilin 7 fevral seçkilərində də Azərbaycan seçiciləri tariximizin ən möhtəşəm Zəfərinə öz münasibətlərini bildirəcək, Zəfərlərimizin davamının gəlməsi üçün qalib Liderə səs verəcəklər.
Artıq seçki kampaniyasının təşviqat mərhələsi başlayıb. Yeni Azərbaycan Partiyasının fəalları da partiyamızın Mərkəzi Seçki Qərargahının müəyyən etdiyi qrafik üzrə bütün ölkə ərazisində seçicilərlə görüşlər keçirir. Partiyamızın və xalqımızın Lideri cənab İlham Əliyevin seçki platformasını seçicilərin diqqətinə çatdırır və eyni zamanda, seçicilərin arzu və istəkləri ilə də tanış oluruq. Seçicilərlə görüşlərdə bu reallıqlardan danışarkən onlar çox səmimi şəkildə bildirirlər ki, cənab İlham Əliyevin təbliğata ehtiyacı yoxdur, onun bütün fəaliyyəti şəffafdır, bizim rifahımız, övladlarınızın xoşbəxt gələcəyi naminədir. Biz bunları bilirik, yüksək qiymətləndiririk, Liderimizi ürəkdən sevirik, bu gün də, gələcəkdə də öz xoşbəxtliyimizi cənab İlham Əliyevlə bağlamışıq. Bəli, necə deyərlər, xalqın sözü haqqın sözüdür!
Bu, ilk seçkidir ki, seçicilər seçki məntəqələrinə Qarabağ niskili olmadan gedəcəklər. Bu, ilk seçkidir ki, seçkiyə qalib xalq kimi gedirik. Gedirik ki, bizi qalib etmiş Qalib Liderimizə vəfa və təşəkkür borcumuzu yerinə yetirək. -"Biz həmişə Sizin yanınızdayıq, əziz Prezident!",- deyək və ümumxalq sevgimizi bir daha dünyaya bəyan edək...
Yeni tariximiz 7 fevraldan başlayacaq. Bu seçkidən sonra növbəti dəfə xalqının etimad mandatını qazanan cənab İlham Əliyev daha möhtəşəm tarixi işlərin təməlini qoyacaq, bölgədə əbədi sülh, əməkdaşlıq, tərəqqi bərqərar olacaq, Azərbaycan daha da güclənəcək, böyüyəcək, ən xoşbəxt insanların yaşadığı çiçəklənən bir cənnət diyarına çevriləcəkdir!
Musa Quliyev
YAP İdarə Heyətinin üzvü
Qalib xalqımız öz qalib Liderini seçəcək