“Düşünürəm, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya budəfəki səfəri keyfiyyət baxımından əvvəlki səfərlərdən tam fərqli, məhsuldar olacaq. Çünki Münxen Təhlükəsizlik Konfransından sonra Ermənistan-Azərbaycan münasibətlərində yeni bir situasiya yarandı. Ermənistan yenə də öz ənənələrinə sadiq qalaraq əvvəlki razılaşmalardan imtina etdi və bizim üçün məqbul sayıla bilməyəcək şərtlər irəli sürdü, açıq şəkildə ənənəvi himayədarlıq, Rusiyadan qaçma meyillərini göstərdi. Artıq Rusiya üçün bəllidir ki, Ermənistan birmənalı şəkildə Qərbə üz tutub, özünə yeni havadarlar tapmaq əzmindədir. Tam açıq şəkildə desək, Ermənistan Cənubi Qafqazda Rusiyanı Fransa ilə əvəz etmək istəyir. Təbii ki, bu, Rusiya kimi dövləti qane edə bilməz”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, Rusiyanın Ermənistana həm siyasi, həm iqtisadi təsirləri kifayət qədər böyükdür: “Rusiyanın Ermənistanda 102 saylı hərbi bazası yerləşir. Son məlumatlara görə, məhz Münxen Təhlükəsizlik Konfransından sonra 102 saylı hərbi bazanın şəxsi heyətinin daha da artırılması, texniki təchizatla bağlı əlavə tədbirlər görülür. Düşünmürəm ki, Rusiya Ermənistandan asanlıqla əl çəkəcək. Bütün sadaladıqlarımızı nəzərə alsaq, yeni vəziyyət formalaşmaqdadır.
Ona görə də Lavrovun Bakıya səfəri və burada geniş spektrdə energetika, iqtisadi, regional, geosiyasi məsələlərin müzakirəsi anlaşılandır. Hesab edirəm, iki günlük səfərdə Lavrov konkret təkliflərlə çıxış edəcək, yəni regionda gərginliyin azalması istiqamətində Azərbaycana münasib təkliflər irəli sürəcək.
Çünki Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın Azərbaycana daha çox ehtiyacı var, nəinki Azərbaycanın Rusiyaya. Təbii ki, bütün bunlar qarşılıqlıdır. Rusiya böyük dövlətdir və görünən budur ki, Rusiya indiyədək strateji müttəfiqi olan Ermənistanla birlikdə Qafqaz siyasətini müəyyənləşdirirdisə, bu görüşdən sonra daha çox rəsmi Bakı ilə siyasət formalaşdıracaq. Rusiya gördü ki, bütün bu proseslərdə qonşuluq, dostluq münasibətlərində Azərbaycan dövlət olaraq daha sədaqətli, stabildir, Azərbaycan dövlətinin apardığı siyasət məhz sülhə yönəlikdir.
Təbii ki, burada Rusiyanın öz maraqları var – Qarabağda Rusiya sülhməramlılarının 2025-ci ildən sonra da fəaliyyətini davam etdirməsi, Rusiya faktorunun Qarabağda qalması, Laçın dəhlizi ilə bağlı məsələlər, Laçın dəhlizində Azərbaycanın sərhəd-nəzarət, gömrük məntəqələrinin yerləşdirilməsi, əldə olunmuş razılıqların icrası, Zəngəzur dəhlizinin, kommunikasiyaların açılması… Görüşdə kompleks məsələlər müzakirə olunacaq və hesab edirəm, Rusiya-Azərbaycan münasibətləri istiqamətində müsbət addımlar atılacaq. Çünki indiki halda Rusiyaya Qafqazda hər hansı ikinci cəbhənin açılması qətiyyən sərf etmir.
Təəssüf ki, Ermənistan ikinci cəbhənin açılmasına cəhd edir, Rusiyanın Qafqazdan sıxışdırılması istiqamətində addımlar atır. Avropa İttifaqı missiyasının da Ermənistana birtərəfli qaydada dəvət olunması və orada mülki şəxslərdən daha çox hərbçilərin təmsil olunmasını Rusiya da bilir. Bu, Ermənistanda Rusiyanın Fransa ilə əvəz olunması anlamındadır. Bir sözlə, Lavrovun səfəri zamanı çox ciddi məsələlər müzakirə predmeti olacaq və yəqin ki, bu istiqamətdə müəyyən addımlar atılacaq”.
Pravda.az