Yeni yaranan reallığı istər region, istərsə də dünya dövlətləri qəbul etməlidir

“Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qələbəsi sadəcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yekunlaşmadı, eyni zamanda cənab Prezidentin rəhbərliyi ilə yürüdülən düşünülmüş xarici siyasət regionda formalaşdırılan yeni geosiyasi konfiqurasiyasının yaranmasına gətirib çıxardı”. Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Onun sözlərinə görə, regionda artıq uzun müddətdir ki, Türkiyə-Azərbaycan-Gürcüstan ortaq iqtisadi platforması mövcuddur: “Eyni zamanda, Azərbaycan-Rusiya-İran tərəfdaşlığı, Türkiyə-Rusiya-İran birgə layihələri də yer almaqdadır. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, öz əsassız iddialarından əl çəkib, gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Azərbaycan və Türkiyə buna açıqdır. Belə ki, müharibədən sonra Azərbaycanın və Türkiyənin mövqeyi, verilən bəyanatlar bunu deməyə əsas verir”.

Deputat qeyd edib ki, bu gün Azərbaycanın Rusiya ilə də əməkdaşlığının geniş gündəliyi mövcuddur: “Rusiya və Azəbaycan Prezidentlərinin çıxışlarında səslənən fikirlər, regionda yaranmış yeni reallıqlar və imkanlar Rusiya ilə Azərbaycanın münasibətlərin inkişafına daha da təkan verir. Bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər siyasi, iqtisadi, mədəni, humanitar sahədə sürətlə inkişaf edir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafını şərtləndirən mühüm amillərdən biri də fundamental məsələlərdə hər iki dövlətin ortaq mövqedən çıxış etməsidir. Rusiya və Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizindən birgə istifadə edir. Eyni zamanda Rusiya Şimal-Qərb Nəqliyyat Dəhlizinə qoşulub ki, bu da rusiyalı yükdaşıyanların Azərbaycandan keçməklə Qərb istiqamətində gedən yükdaşıma prosesindən faydalanması üçün əlverişli şərait yaradır. Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşıyır, burada mühüm əhəmiyyət kəsb edən amil iki ölkənin Prezidentləri arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olmasıdır. Yeni yaranmış reallığı qəbul edən bütün ölkələr əməkdaşlıq formatına fokuslanmış vəziyyətdədirlər. Hesab edirəm ki, kommunikasiyaların açılması, əməkdaşlığın genişləndirilməsi regionun inkişafına gətirib çıxaracaq. Yeni yaranan reallığı istər region, istərsə də dünya dövlətləri qəbul etməlidir. Belə olan halda Ermənistan revanşizmi unudub bərpa və əməkdaşlıq prosesində yaxından iştirak etməlidir. Ermənistan aqressiv siyasətindən əl çəksə, perspektivdə konstruktiv siyasət nümayiş etdirsə, bu xətti Ermənistan dövləti və cəmiyyəti aparıcı siyasi xətt kimi müəyyənləşdirsə, Ermənistanın regiona inteqrasiyası, regionda reallaşdırılan layihələrə cəlb olunması mümkün ola biləcək ssenaridir. Cənab Prezident də dəfələrlə bildirmişdi ki, Ermənistan işğalçılıq siyasəti yürütdüyü üçün bütün regional layihələrdən təcrid olunub. Nə qədər ki, gec deyil bu xalqın daha yaxşı həyat standartları şəraitində yaşamaları üçün region dövlətləri ilə ədavətə son qoymaq siyasi hakimiyyətlərinin ən düzgün qərarı olmalıdır. Bu gün Ermənistanda vəziyyət ağırdır, əgər Ermənistanın hərbi-siyasi hakimiyyəti ölkələrini ağır vəziyyətdən qurtarmaq istəyirsə, ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istiqamətində real adımlar atmalıdırlar. Ermənistan rəhbərliyinin üzərinə böyük iş düşür ki, vəziyyəti düzgün dəyərləndirsin, heç bir kənar fitnəyə uymasın və onlar üçün mövcud olan ən optimal variant kimi Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışsın. Bununla bağlı istər Azərbaycan tərəfi, istərsə də Türkiyə tərəfi öz açıq mövqeyini ortaya qoyur. Azərbaycan Prezidenti dəfələrlə sülhlə bağlı baxışlar təqdim edib, onun reallığa çevrilməsini təmin etmək üçün ümumi səylərin vacibliyini vurğulayıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında altılı platformadan danışarkən bildirmişdi ki, lazım gələrsə altılı bir platforma da yarada bilərik. Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistan da bu platformada yer ala bilər. Yetər ki, Ermənistan tərəfindən müsbət addımlar atılsın. Guman edirəm ki, o zaman Türkiyə də sərhədlərini Ermənistanla aça bilər”.