Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sürücülərin sosial məsuliyyətinin artırılması” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi sürücülük mədəniyyətinin yüksəldilməsi ilə yol hərəkətinin təhlükəsizliyini artırmaq, sürücülərin sosial məsuliyyətini gücləndirmək, onların yol hərəkəti qaydalarına riayət etməsini təmin etmək və cəmiyyətin ümumi yol davranışlarını təkmilləşdirməkdir.
İyun-avqust ayları ərzində icra olunacaq layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində sosial və maarifləndirmə aksiyaları keçiriləcək. Bu tədbirlərdə yol istifadəçiləri arasında hörmət və qarşılıqlı anlayışın gücləndirilməsi üçün “yol etikası” barədə maariflənmə işi aparılacaq, həmçinin sürcülərdə sosial və ekoloji məsuliyyətin təşviqi mövzuları ilə bağlı məlumatlar veriləcək.
Bununla yanaşı, layihə çərçivəsində sürücülərin sosial məsuliyyətli davranışları barədə videomüsahibə, radio verilişləri hazırlanacaq, eləcə də məqalələr yazılacaq. Bu məlumatlandırma kampaniyasında yol insidentlərinin azaldılması və sürücülük mədəniyyətinin artırılması məqsədilə təhlükəsiz sürücülük və qaydalara riayət etmənin əhəmiyyəti izah ediləcək.