Yüksəliş və zəfərimizin müəllifi

Dövlət müstəqilliyimizin bərpasının 30-cu ildönümünün astanasındayıq. 30 ildə Azərbaycan xalqı bir çox tarixi hadisələrlə üzləşdi, bu günümüzə gələn yolda enişlərdən, yoxuşlardan keçməli oldu. Hətta tale elə gətirdi ki, müstəqilliyimizin ilkin çağlarında onu itirmək təhlükəsi qarşısında qalmışdıq. Lakin bu gün dönüb geri baxanda görürük ki, 30 ildə qazandığımız uğurlar və keçdiyimiz yüksəliş yolu, habelə müstəqilliyimizin ilk illərində yaranmış təbəddülatlardan xilas olmaq üçün göstərdiyimiz milli mücadilə də tariximizin qürur doğuran səhifələridir.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi hər birimizi sevindirmiş, qürurlandırmışdı. Çünki artıq bir xalq olaraq müstəqil dövlətimizə sahib olmuşduq, azadlığımızı əldə etmişdik. Bununla belə ilk illərdə respublikamızda baş verən hadisələr, siyasi hərc-mərclik, hərbi-siyasi qarşıdurmanın pik həddə çatması və bunun nəticəsi olaraq separatizmin güclənməsi nəinki müstəqilliyimizin yaşamasını, hətta dövlətçiliyimizin mövcudluğunu sual qarşısında qoymuşdu. Yalnız 1993-cü ilin iyun ayında təcrübəli siyasətçi, bacarıqlı dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkədəki hərc-mərcliyə, vətəndaş qarşıdurmasına son qoyuldu, müstəqilliyimiz qorundu. Ulu Öndər çox böyük real təhlükələrin qarşısını alaraq qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü və dövlətini real yox olmaq təhlükəsindən xilas etdi.

Dövlətçiliyimizin və müstəqilliyimizin ağır sınaq dövrü olan 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra baş verən dəyişikliklər mahiyyətcə Azərbaycanın tarixində tamamilə yeni mərhələnin başlanması idi. Bu mərhələdə artıq müstəqilliyimizə və respublikamızın parçalanmasına yaranmış təhdidlər geridə qaldı, hüquqi və demokratik dövlət quruculuğunun təməli qoyuldu. Heydər Əliyevin başlatdığı yeni siyasi kurs qısa zamanda yaranmış bütün təhlükələri aradan qaldırmaqla müstəqilliyimizin əbədi olmasını, Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmasını, sosial-iqtisadi tənəzzülə son qoyulmasını və inkişafı təmin etdi. Və həm də təsdiq olundu ki, müstəqilliyi qoruyub saxlamaq onu bərpa etməkdən qat-qat çətindir.

Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onda idi ki, o, dövlət quruculuğu prosesinin ardıcıllığını təmin edəcək əsasları da formalaşdırdı. Ulu Öndər cənab

İlham Əliyevin şəxsində Azərbaycanın yüksəlişinin daimiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyənləşdirdi. Cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin və bütövlükdə dövlətimizə rəhbərliyinin 18-ci ili tamam olur.

Xalqımız hər zaman sabitliyə tərəfdar olub, inkişafa, yüksək sosial rifaha və güclü dövlətçiliyə xidmət edən Heydər Əliyev siyasətini dəstəkləyib. Bütün bunlar isə Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı olan cənab

İlham Əliyevin həyata keçirdiyi prezidentlik fəaliyyətinin əsas prioritetləri kimi hər zaman özünü göstərib. Azərbaycan İlham Əliyevin rəhbərliyi altında 18 ildə yüksəliş dövrünü yaşayıb, daha da güclənib, qüdrətlənib, nüfuzunu artırıb. Heydər Əliyev siyasətini uğurla, yaradıcılıqla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini daha da sarsılmaz edib, milli mənafelərimizi qətiyyətlə qoruyub. Reallıq ondan ibarətdir ki, 2003-cü ilin oktyabrından ötən dövr Prezident İlham Əliyevin xalqımıza verdiyi uğur hesabatıdır. Bu hesabatın hər bir səhifəsi məhz xalqımızın görmək istədiyi nailiyyətlərlə əlamətdardır.

Ötən 18 ilin əsas uğurlarından biri ölkəmizin sosial-iqtisadi yüksəlişi, bölgələrin inkişafının təmin edilməsidir. Bu dövrün təhlili göstərir ki, qarşıya qoyulmuş vəzifələrin icrası nəticəsində Azərbaycan iqtisadiyyatının, xüsusən qeyri-neft sektorunun inkişafı təmin edilib, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilib. İslahatların, dövlət proqramlarının real nəticəsi olaraq Azərbaycanın dörd bir yerində iqtisadiyyatın bir vaxtlar hətta əlçatmaz görünən tərəfləri inkişaf edib.

Möhtərəm İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq Azərbaycan beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Regionda lider olan dövlətimiz həm də beynəlxalq enerji təhlükəsizliyinin və qlobal logistik rəqabətin söz sahiblərindən biridir. Cənab İlham Əliyev həm də Azərbaycanı kosmik kluba üzv edib.

Dövlət başçısı tamamilə müstəqil və eyni zamanda qətiyyətli siyasət yürüdür. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərib, bu gün isə dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Eyni zamanda Xəzərin neft-qaz ehtiyatlarının tarixdə ilk dəfə olaraq alternativ marşrutlarla dünya bazarlarına çıxarılması, Bakıdan Avropaya qədər enerji dəhlizinin yaradılması möhtərəm İlham Əliyevin müstəqil və qətiyyətli siyasətinin təcəssümüdür.

Əlbəttə, cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ən mühüm hadisəsi işğal altında olan torpaqlarımızın azad edilməsi oldu. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi İlham Əliyevin bu sahədəki fəaliyyətində diqqəti çəkən odur ki, dövlət başçısı ilk gündən Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etdi.

İlham Əliyev açıq siyasət yürüdən dövlət xadimidir və təsadüfi deyil ki, prezidentlik fəaliyyətinin ilk günündən Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin qurulmayacağını bəyan etdi. İlham Əliyev heç vaxt gizlətmədi ki, sülh danışıqları baş tutmayacağı təqdirdə Azərbaycan güc yolu ilə torpaqlarını azad edəcək və bu məqsədlə ordumuzun modernləşdirilməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində kompleks tədbirlərin görülməsinə nail oldu. Azərbaycan xalqı da əmin idi və inanırdı ki, verdiyi bütün vədləri layiqincə yerinə yetirən Prezident İlham Əliyev torpaqlarımızı da hansı yolla olursa-olsun işğaldan azad edəcək. Bu əminliyi və inamı daha da artıran Prezident İlham Əliyevin qətiyyətli siyasəti və dövlətimizin yüksəlişi idi.

Beləliklə, ötən ilin Vətən müharibəsində qazanılan tarixi Zəfər möhtərəm İlham Əliyevin prezidentlik fəaliyyətinin və bütövlükdə müstəqilliyimizin əsas uğur salnaməsinə çevrildi. Bu Qələbə İlham Əliyevin müdrik siyasi kursunun və Ali Baş Komandan kimi qətiyyətinin təntənəsi oldu. Cəmi 44 günə 30 ilə yaxın davam edən işğala son qoymaqla İlham Əliyev böyük bir tarixi missiyanı layiqincə yerinə yetirdi, məğlubiyyət damğasını üzərimizdən götürdü.

İndi Qarabağ və Şərqi Zəngəzur tikinti meydanını xatırladır. Bu torpaqları xilas edən İlham Əliyev onları yenidən həyata qaytarır və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqları gün uzaqda deyil. Dövlətimizi isə qarşıda yeni uğurlar gözləyir və bu yolda bütün xalqımız öz rəhbərinin ətrafında sıx səfərbər olub.

 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti