Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarının iyunun 25-də növbəti buraxılış mərasimi keçirilib.
Sabahinfo.az xəbər verir ki, Hərbi institutda keçirilən mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iştirak edib.
Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunub, qarşısına qızılgüllər düzülərək xatirələri yad edilib.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.
General-polkovnik Z.Həsənov çıxış edərək mərasim iştirakçılarını Silahlı Qüvvələrinin yaradılmasının 106 illiyi münasibətilə təbrik edib, məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Ordunun peşəkar kadr potensialının artırılması istiqamətində Heydər Əliyev adına Hərbi İnstitutunun və Hərbi Tibb Fakültəsinin müstəsna rolunu xüsusi qeyd edən nazir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlardan danışıb.
General-polkovnik Z.Həsənov qeyd edib ki, Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Ordusunun hərbi təhsil sisteminin Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması məqsədilə yaradılmış Milli Müdafiə Universiteti Ordu üçün ali hərbi təhsilli zabitlərin və hərbi elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, eləcə də hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin edir.
Vətən müharibəsi və digər uğurlu əməliyyatlar zamanı Azərbaycan Ordusunun bütün hərbi qulluqçuları kimi, hərbi institutun məzunlarının da şücaətini xüsusi vurğulayan nazir hərbçilərimizin qəhrəmanlıqlarının ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib.
Gənc zabitlər göstərilən diqqət və qayğıya görə Prezidentə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə söz veriblər.
General-polkovnik Z.Həsənov hərbi təhsil müəssisəsini fərqlənmə ilə bitirən məzunlara diplom və qiymətli hədiyyələr təqdim edib.
Sonra Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Yaş kötüyünə simvollar vurulub. Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarına diplomlar təqdim olunub.
Kursantlar hərbi orkestrin müşayiəti ilə hərbi institutun marşını ifa ediblər.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.