Zamanın çağırışına cavab verən qanun

Siyasi müstəvidə demokratiyanın möhkəmlənməsi ölkənin siyasi imicinin yaxşılaşdırılması ilə yanaşı vətəndaşların suveren hüquqlarının qorunması yönündə atılan mütərəqqi addımdır. Bu baxımdan qanunvericiliyin təkmilləşdirilməsi, müasir çağırışlara cavab verən qanunverici bazanın yaradılması zamanın tələbi idi. Məhz buna görə də, Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi. Qanun yeni çağırışlara cavab verən, siyasi aprtiyaların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ən ümdə sənəddir. Belə ki, qanunda siyasi partiyaların qeydiyyatı, üzvlərin qəbulu ilə yanaşı partiyanın ofis məsələləri ilə yanaşı digər izafi məsələlər dolğun şəkildə öz əksini tapıb.

Onu da nəzərə alaq ki, qanunun qəbulu zamanı Milli Məclisdə ictimai dinləmələr təşkil olunmuş, bu dinləmələrə siyasi partiya mənsubları dəvət olunmuş və təkliflər nəzərə alınmışdır.

Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrin dərinləşdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiyaya uğrayıb. Bu mənada dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin balansına xidmət edir. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapıb.

Nəticə göstərir ki, inkişafında durğunluq dövrünü yaşayan siyasi partiyalar artıq tarixin arxivinə qovuşur. Bu da ondan irəli gəlir ki, bu partiyaların cəmiyyətdə heç bir rolu qalmayıb. Nə üzv baxımından nə də ictimai-siyasi proseslərə təsiri olmayan belə partiyalar rassional müzakirələrdə də effektivlik nümayiş etdirə bilməz.

Xarici qüvvələrin təsiri altına düşən və daim dövlətə, dövlətçiliyə qarşı mübarizə aparanlar artıq anlamalıdırlar ki, siyasi mübarizədə baykot çağırışlarını cəmiyyət qəbul etmir. Artıq bu kimi çağırışlar geridə qalıb. Onu da qeyd edək ki, açıq müzakirələri tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialın səfərbər olunmasına xidmət edir. Odur ki, dialoqun inkar edilməsi milli həmrəyliyə qarşı çıxış etmək deməkdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq aləti kimi istifadə olunmasına münbit şərait yaratmışdır.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı