Zamanın tələbi

“Prezident İlham Əliyevin qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını etməsi, Cəbrayılda Qumlaq stansiyasının, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlini qoyması böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edirdi. Xüsusilə də, Ermənistan və İranla həmsərhəd olan Zəngilanın işğaldan azad olunmasının 2-ci ildönümündə, eyni zamanda baş verən regional hərbi-siyasi proseslər fonunda Türkiyə Prezidentinin Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyırdı”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

R.Vəlibəyov bildirib ki, Zəngilan Beynəlxalq Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisə oldu. Eyni zamanda, hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisəyə çevrildi. Heç şübhəsiz ki, bu hava limanının inşası və açılışı Azərbaycana strateji-hərbi və sosial-iqtisadi üstünlüklər qazandırır.

Rayon təşkilatının sədri əlavə edib ki, qısa müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda böyük miqyasda bərpa və quruculuq işlərinin həyata keçirilməsi bir daha Azərbaycan dövlətinin qətiyyətinin, iradəsinin və qüdrətinin nümayişidir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Bütövlükdə isə Zəngilanda və Cəbrayılda bir daha Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsi yaşandı. Şuşa Bəyannaməsi ilə bütün sahələrdə rəsmən müttəfiq olan Türkiyə və Azərbaycanın birliyi bölgədə çox önəmli bir amilə çevrildi. Artıq faktdır ki, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı və birliyi daha da yüksək pilləyə qalxıb. Bu gün Azərbaycan və Türkiyə bayraqları Qarabağda və Şərqi Zəngəzurda da bir yerdə dalğalanır. Prezident İlham Əliyevin bildirdiyi kimi bu, ürəkdən gələn duyğulardır, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və zəmanəmizin tələbidir”.