Cəmiyyətin inkişafında milli mətbuat xüsusi rol oynayır. Milli oyanışda yeni səhifə olan “Əkinçi” ilə yola çıxan milli mətbuatımız bugünkü çağırışlara tam cavab verir. Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsipi olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımların göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. 2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.
Ölkə Prezidenti cənab İlham Əliyev mətbuatla bağlı fikirlərində mətbuatın cəmiyyətdəki rolunu xüsusi vurğulayaraq demişdir: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.
Böyük Zəfərinin müjdəçisi olan Azərbaycan mediası İkinci Qarabağ müharibəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Bu gün gündəmdə olan sülh müqaviləsinin imzalanması xəbərini də mediamızdan almaq ümidi ilə bütün jurnalistləri bu əlamətdar gün münasibəti ilə səmimi qəlbdən təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı