2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Yasamal rayonunda seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü, “91”lərdən Şahlar Əsgərov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, təşviqat qrupunun üzvləri Rəna Mirzəzadə, Elxan Hüseynov, İradə Hüseynova, Cəbi Bəhramov və Eynulla Mədətli çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, bu gün məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində Prezident İlham Əliyev müasir, müstəqil Azərbaycanı yeni zirvələrə qaldırıb. Artıq Azərbaycan dünyada inkişaf diyarı, multikultural dəyərlərin və tolerantlıq mühitinin hökm sürdüyü sabitlik adası, beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır. Nəyi, nə vaxt və necə edəcəyini yaxşı bilən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz mühüm Zəfərlər əldə edib.
Qeyd olunub ki, artıq ölkəmiz və xalqımızın həyatında yeni dönəm başlayır. Bu dönəm öz başlanğıcını Zəfər seçkisinin keçirilməsi ilə götürəcək.
Çıxış edən seçicilər də öz növbəsində qarşıdan gələn Zəfər seçkisinin əhəmiyyətini vurğulayaraq qalib Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.