Zəfərimizi bunlar şərtləndirib 

"44 günlük Vətən müharibəsində qələbəni şərtləndirən əsas səbəb, heç şübhəsiz, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə xalq arasında olan milli birlikdir. Biz zaman-zaman bunun şahidi olmuşuq. 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz istiqamətində baş vermiş erməni təxribatlarından sonra milyonlarla insan küçələrə axışdı. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar, ictimai təşkilatlar tərəfindən birmənalı şəkildə dövlət başçısına dəstək nümayiş olundu".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, tarixi qələbəni şərtləndirən digər səbəblərdən danışarkən ölkədə aparılan çoxşaxəli islahatları, ələlxüsus, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatları qeyd etmək lazımdır:

"Heç kim üçün sirr deyil ki, güclü iqtisadiyyat olmadan güclü ordu qurmaq, dəyəri 100 milyonlarla, milyardlarla ölçülən müasir silahlar, müdafiə sistemləri almaq qeyri-mümkündür. İldən-ilə dövlət büdcəsində müdafiə-təhlükəsizlik xərclərinin artırılması, güclü, stabil, inkişaf etmiş Azərbaycan iqtisadiyyatı imkan verdi ki, kəmiyyət və keyfiyyət baxımından düşmən ordusundan dəfələrlə üstün Silahlı Qüvvələr formalaşsın. Məhz buna görə də müharibənin ilk günü düşmənin 30 il ərzində qurub yaratdığı müdafiə sistemi yarıldı. Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın oldu. "Məğlubedilməzlik" mifi yox oldu. Digər səbəblər isə qlobal və regional geosiyasətlə, informasiya müharibəsinin düzgün aparılması ilə bağlıdır. Hansı ki, cənab Prezident peşəkar diplomat olaraq geosiyasi güclərin ən effektiv şəkildə neytrallaşdırılmasına nail oldu və informasiya müharibəsində də ön xətdə yer tutdu. Müharibə zamanı tətbiq olunan unikal döyüş əməliyyatları və ondan sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, bərpa-quruculuq, tikinti işləri Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Ölkə başçısı ilə xalqın milli həmrəyliyini təcəssüm etdirir".