“Azərbaycanla Türkiyə arasındakı hamının şahidi olduğu dostluq və qardaşlıq münasibətləri yalnız regional yox, həm də beynəlxalq miqyasda bütün ölkələr üçün önəmli nümunədir. Təsadüfi deyil ki, SSRİ-nin süqutundan sonra beynəlxalq sərhədlər çərçivəsində Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət məhz Türkiyə oldu. Ərazilərimizin işğalına etiraz olaraq Ermənistanla sərhədlərini də məhz Türkiyə bağladı, bütün təzyiq cəhdlərinə baxmayaraq onları açmadı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə də hələ də açmır. Çünki ilkin şərt kimi Türkiyə preizdenti Rəcəb Tayyib Ərdoğan “Ermənistan Azərbaycanla problemlərini həll etdikcə, biz də Türkiyə olaraq lazımı addımları atacağıq” prinsipinə sadiqdir”. Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib.
Onun sözlərinə görə, İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Müharibənin ilk saatlarında Türkiyə bəyan etdi ki, Azərbaycan tək deyil və Türkiyə Azərbaycanın yanındadır: “Bu addım Azərbaycan üçün çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Bu sarsılmaz birliyin təməlində isə məhz iki qardaş ölkənin Prezidentlərinin dostluq münasibətləri və liderlik keyfiyyətləri dayanır. Çünki bütün regional və beynəlxalq məsələlərdə öz dövlətlərinin milli maraqlarını qətiyyətlə müdafiə edən İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyənin maraqlarını da qarşılıqlı şəkildə müdafiə edirlər. Əlbəttə, postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. Başqa sözlə, iki qardaş ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, strateji inteqrasiyanın daha intensiv xarakter almasında vacib rola malikdir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri dünyaya mesajdır”.
Ə.Ağazadə onu da bildirib ki, postmünaqişə mərhələsində Azərbaycanın irəli sürdüyü təşəbbüslər miqyasına görə regional, strateji əhəmiyyətinə görə isə qlobal xarakterlidir: “İndiki mərhələdə Azərbaycan Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” həddən artıq əhəmiyyətlidir. Bu layihənin gerçəkləşdirilməsi ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər qazanacaq. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Azərbaycanın fəal iştirakı və üstün mövqeyi fonunda cərəyan edən bütün bu proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək”.